×
A
A
A
Sazlamalar

“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyi Xocalı soyqırımının dünyada tanıdılmasına həsr olunmuş beynəlxalq onlayn konfrans keçirib

Bakı, 27 fevral, AZƏRTAC

İMZA-Sosial İnkişafa Dəstək İctimai Birliyi Xocalı soyqırımının dünyada tanıdılmasına həsr olunmuş beynəlxalq onlayn konfrans keçirib.
İctimai Birliyin Beynəlxalq və ictimaiyyətlə əlaqələr departamentinin direktoru Elnar Məmmədli AZƏRTAC-a bildirib ki bu, İMZA-nın Xocalı soyqırımına həsr olunmuş ilk beynəlxalq tədbiri olub. Dünyanın 10-dan artıq ölkəsindən yüzdən çox iştirakçının qatıldığı tədbir dövlət himnimizin ifası ilə başlayıb. Sonra Xocalı qətliamı zamanı, həmçinin Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Faciədən bəhs edən videoçarx nümayiş etdirilib.
İMZA-nın Yerli və beynəlxalq layihələr departamentinin direktoru, layihənin müəllifi Emil Bayramov erməni faşizminin növbəti qurbanı olmuş Xocalı və onun günahsız dinc sakinlərinin faciəsi barədə məlumat verib. O deyib ki, bu soyqırımı cinayətini törədən Ermənistan faktiki olaraq dövlət səviyyəsində terror siyasəti yürüdən ölkə olduğunu sübut edib.
Sonra beynəlxalq konfransın moderatoru Elnar Məmmədli iştirakçılara İctimai Birliyin bu layihəsinin məqsədi barədə məlumat verib. Bildirib ki, onlayn konfrans 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı və bu illər ərzində uğurla reallaşdırılan “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasına dəstək məqsədilə keçirilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov bu ümumbəşəri cinayətin motivləri, düşmən ölkənin qanlı qəddarlıq aktının detalları, erməni dövlətinin terrorçu mahiyyəti haqqında məlumat verib. O, hadisənin bütün parametrlərinə görə əsl soyqırımı cinayəti olduğunu əsaslandırıb.
Milli Məclisin deputatları Ramil Həsən və Naqif Həmzəyev “İMZA”nın belə bir beynəlxalq konfrans keçirmək təşəbbüsünü yüksək qiymətləndiriblər. Xocalı soyqırımı həqiqətlərinin beynəlxalq aləmdə tanıdılmasına tədbirin ciddi dəstək verəcəyini bildiriblər.
1992-ci il fevral ayının 26-da törədilmiş bu bəşəri cinayətdən dərhal sonra bölgədə olmuş jurnalistlərdən biri, litvalı Riçard Lapaitis ermənilərin bu gün də Xocalıda törətdikləri cinayəti ört-basdır etməyə, yalan məlumatları ilə məsuliyyətdən yayınmağa çalışdıqlarını söyləyib. Onların ən böyük yalanlarından biri guya Xocalının dinc sakinlərinin şəhəri tərk etmələri üçün açdıqları dəhliz barədə dedikləridir. Bu, ağ yalan və əsl erməni riyakarlığıdır.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, tanınmış ekspert Arye Qut, TÜRKSAM sədri Sinan Oğan, Türkiyə Prezidenti Administrasiyasının Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Aygün Attar, qardaş ölkənin Gənc MÜSİAD təşkilatının idarə heyətinin sədri Yunus Furkan Akbal, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Ukraynadakı nümayəndəliyinin rəhbəri, jurnalist Marina Qonçaruk çıxışlarında soyqırımının beynəlxalq tanıtımı üçün sistemli mübarizə aparmağın əsasını qoymuş “Xocalıya ədalət!” kampaniyasına daha çox dəstək verməyin zəruriliyini vurğulayıblar. Bildirilib ki, bu gün kampaniya dünyada çox tanınıb və fəaliyyəti də effektivdir. Məhz bu kampaniya və dövlətimizin düzgün strateji məlumatlandırma siyasəti nəticəsində dünyanın 10-dan artıq dövləti Xocalı faciəsini soyqırımı aktı kimi tanıyıb. Ona görə də Ermənistan bu kampaniyanın uğurlarından çox ciddi narahatlıq keçirir.
Alman faşistlərinin ikinci dünya müharibəsi zamanı Florensiya regionunda həyata keçirdikləri soyqırımı cinayəti ilə Xocalı qətliamını müqayisə edən italiyalı jurnalist Karlo Marino bəşəriyyətə çağırış edib. O qeyd edib ki, alman faşistləri cəzalarını artıq alıblar, indi beynəlxalq tribunalda cəzalandırılmaq “növbə”si Xocalı canilərinindir.
Fransalı tanınmış tarixçi Maksim Quən isə tarixə ekskursiya edərək ermənilərin ötən əsrin əvvəllərində törətdikləri qırğınlar barədə danışıb. Xocalıya qədər misli görünməmiş vəhşiliklərə, insan faciələrinə səbəb olmuş faşist erməni ideologiyasının daşıyıcılarının cəzasız qalmalarının gələcəkdə daha böyük bənzər faciələrə yol aça biləcəyini söyləyib.
Onun həmyerlisi, rəssam Reno Baltzinqer isə Xocalı ilə bağlı 11 il ərzində çəkdiyi rəsm əsərlərindən bəhs edib. Azərbaycanlıların, dünyanın vicdanlı insanlarının bu əsərləri böyük məhəbbətlə qəbul etdiklərini məmnunluqla vurğulayan rəssam məqsədinin günahsız və məsum xocalılıların fəryadını dünyaya çatdırmaq olduğunu ifadə edib.
Pakistanlı jurnalist Malik Əyyub Sumbal yeni çapdan çıxmış “Tovuzdan Qarabağa” adlı əsərində erməni vandalizmindən ətraflı bəhs etdiyini, Xocalı üçün bir gün mütləq ədalətin bərqərar olacağına tam əmin olduğunu deyib.
Rusiyalı politoloqlar Sergey Markov və İqor Korotçenko isə erməni cinayətkarlarının bu günə qədər cəzasız qalmalarının yolverilməzliyini, onların hər biri üçün beynəlxalq tribunal qurulmasının ümumbəşəri ədalət prinsiplərinə tam uyğun olacağını arqumentlərlə əsaslandırıblar.
İqor Korotçenko yaxın gələcəkdə Rusiyanın yeni seçiləcək parlamentinin Xocalı soyqırımını rəsmən tanımasının zəruri olduğunu bəyan edib.
Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının Əlaqələndiricisi Yaşar Musayev, TOBB İstanbul Gənc Təşəbbüskarlar Birliyinin və Gənc MÜSİAD təşkilatının idarə heyətlərinin sədr müavini Erdem Dereli, Nigeriyada Azərbaycanın Dostları Təşkilatının təsisçisi və prezidenti Billurə Bernard-Bayramova, Norveçdə yaşayan soydaşımız, modelyer və CAN təşkilatının sədri Şervin Nəcəfpur, Avstraliya Azərbaycan Assosiasiyasının üzvü, hüquqşünas Cesika Oyta Xocalıya ədalətə nail olunana qədər mübarizənin davam edəcəyini, daha sistemli və əzmkar fəaliyyətin davam etdirilməsinin səmərəli olacağına tam əminliklərini bildiriblər. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin “Bir millətin iki diasporu ola bilməz. Birgə fəaliyyət göstərilməlidir” tövsiyəsi xatırladılıb. Türk və Azərbaycan diasporlarının sıx təmaslarının və əməkdaşlığının Xocalı həqiqətlərinin beynəlxalq tanıtımına ciddi dəstək verdiyi qeyd olunub. Beynəlxalq konfransın iştirakçıları 44 günlük Vətən savaşında Azərbaycanın qazandığı tarixi qələbə münasibətilə bütün xalqımıza təbriklərini çatdırıblar.
Sonda konfransın moderatoru ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın Xocalı soyqırımı ilə əlaqədar etdiyi, bu qətliamı heç vaxt unutmayacağımızı ifadə edən paylaşımı səsləndirib.

Xocalı faciəsi 2021-02-27 17:37:00