×
A
A
A
Sazlamalar

Səadət Qədirova: Gənclər kin və qisas hissi ilə yaşamamalı, lakin Xocalını daim yadda saxlamalıdırlar VİDEO

Moskva, 27 fevral, AZƏRTAC

Dünyanın hər yerində yaşayan azərbaycanlılar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası sayəsində bütün beynəlxalq meydançalarda haqq səsinin ucalmasına nail olmağa çalışırlar.
AZƏRTAC xəbər verir ki, Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (XTNS) Azərbaycan Respublikasının Ticarət-Sərgi Mərkəzinin direktoru Səadət Qədirova bu fikirləri Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan tədbirdəki çıxışında səsləndirib.
Moskvada, XTNS-nin Azərbaycan pavilyonunda keçirilən anma mərasiminin təşkilatçıları Heydər Əliyev Fondu və Azərbaycanın Ticarət-Sərgi Mərkəzi idi.
Toplaşanlar qarşısında çıxış edən S.Qədirova qeyd edib ki, Azərbaycan xalqı Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini 30 il tələb edib. O deyib: “Bu gün biz bu tarixi ürəkağrısı ilə qeyd edirik, lakin qəlbimizdə ümid var. 44 gün davam edən Vətən müharibəsi çoxdan gözlənilən qələbə ilə başa çatdı. Bu qələbə rəşadətli Azərbaycan Ordusunun, Ali Baş Komandan İlham Əliyevin sayəsində qazanıldı. Mən çox ümid edirəm ki, hələ də azadlıqda gəzən cinayətkarlar çox tezliklə beynəlxalq məhkəmə qarşısında duracaq və o vaxt biz deyə biləcəyik ki, ədalət zəfər çaldı”.
S.Qədirova vurğulayıb ki, gənclər kin və qisas hissi ilə yaşamamalı, lakin Xocalını daim yadda saxlamalıdırlar.
Tədbir iştirakçılarına arxiv fotoşəkillərindən ibarət sərgi, Xocalı faciəsinə həsr olunan sənədli film, kitab və jurnallar nümayiş etdirilib.


Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Xocalı faciəsi 2021-02-27 16:08:00

Video