×
A
A
A
Sazlamalar

Londonda Xocalı qətliamının 29-cu ildönümü ilə əlaqədar videokonfrans keçirilib

London, 27 fevral, AZƏRTAC
Fevralın 26-da Böyük Britaniyanın paytaxtı Londonda Xocalı qətliamının 29-cu ildönümü ilə əlaqədar videokonfrans formatında anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Britaniyadakı səfirliyinin və Londonda fəaliyyət göstərən Azərbaycan Evinin birgə təşkilatçılığı, Britaniyanın azərbaycanlı icmasının üzvlərinin iştirakı ilə keçirilən onlayn tədbirdə əvvəlcə Xocalı qətliamında həyatını itirən həmvətənlərimizin, eləcə də ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın Britaniyadakı səfiri Tahir Tağızadə çıxış edərək tədbir iştirakçılarına Xocalıda baş verənlərin əsl mahiyyəti barədə ətraflı məlumat verib. Səfir Ermənistanın Xocalıda törətdiyi vəhşiliklərlə 2020-ci ilin 27 sentyabr-10 noyabr tarixlərində davam edən hərbi əməliyyatlar zamanı Gəncə, Bərdə, Tərtər və digər şəhərlərdəki dinc əhaliyə qarşı qadağan olunmuş silahlarla təşkil etdiyi hücumlar arasında paralellər aparıb, bütün bunların işğalçı ölkənin azərbaycanlı mülki şəxslərə qarşı vahid sistemli zorakılıq siyasətinin bir parçası olduğunu bildirib.
Azərbaycan Evinin rəhbəri Əli Təkin Atalar Xocalı qətliamının Dağlıq Qarabağın azərbaycanlı əhalisinə qarşı etnik təmizləmə siyasətinin bir parçası kimi həyata keçirildiyini söyləyib.
Tədbirdə çıxış edən Britaniya parlamentində Azərbaycan üzrə dostluq qrupunun sədri Bob Bləkmən İcmalar Palatasında irəli sürdüyü “Xocalı qətliamının 29-cu ildönümü” başlıqlı ilkin qanunvericilik təşəbbüsündən bəhs edib. Bob Bləkmən müharibədə qalib gəlmiş Azərbaycanın həm də regionda sülhün qələbə çalmasına töhfə verəcəyinə inandığını bildirib. O, dostluq qrupunun digər üzvləri ilə birlikdə tezliklə Azərbaycanın işğaldan azad olunmuş torpaqlarına səfər etmək niyyətində olduğunu da diqqətə çatdırıb.
Milli Məclisdə Britaniya ilə dostluq qrupunun sədri Cavanşir Feyziyev sədri olduğu qrupun Azərbaycan həqiqətləri, eləcə də Xocalıda baş verənlər barədə məlumatların Britaniya parlamentində yayılması istiqamətində fəaliyyətindən bəhs edib.
Tədbirdə iştirak edən Milli Məclisin deputatı Erkin Qədirli Xocalıda törədilənlərin hüquqi aspektlərinə diqqət çəkib, deputat Nigar Arpadarai isə yeni yaranmış vəziyyətdə azərbaycanlı və erməni əhalinin dinc yanaşı yaşama perspektivləri barədə danışıb.
Anım tədbirində, həmçinin britaniyalı tarixçi və siyasi analitik Patrick Walsh, gürcü əsilli antropoloq və etnoqraf Tamara Draqadze, britaniyalı jurnalist Neil Vatson, Milli Məclisin əməkdaşı Babək Ağayev, Britaniyadakı azərbaycanlı icmasının fəal üzvlərindən olan Fəridə Pənahova və digərləri çıxış ediblər.
Xocalının işğalı zamanı erməni ordusu tərəfindən əsir götürülən və 8 gün erməni əsirliyində işgəncələrə məruz qalan Dürdanə Ağayeva da tədbirə canlı bağlanaraq erməni ordusunun azərbaycanlı əsirlərə qarşı törətdiyi vəhşiliklərdən bəhs edib.
Tədbirdə Xocalıda baş verənlər və “Xocalıya ədalət!” kampaniyasına diqqət çəkən, eləcə də İkinci Qarabağ müharibəsi və işğal altındakı torpaqlarımızın azad olunmasından bəhs edən sənədli filmlər nümayiş etdirilib.


Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London

Xocalı faciəsi 2021-02-27 15:48:00