×
A
A
A
Sazlamalar

“Suomenkuvalehti” qəzetində Xocalı qırğını barədə məqalə dərc edilib

Stokholm, 27 fevral, AZƏRTAC
Finlandiyada çıxan “Suomenkuvalehti” qəzetində Xocalı qırğını barədə məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, “Xocalı – naməlum soyqırımı” sərlövhəli məqalədə 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş qırğından bəhs edilir.
1992-ci il fevralın 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Azərbaycanın Xocalı şəhərini mühasirəyə alıblar. Şəhər gülləbaran edilib. Hadisə şahidlərinin sözlərinə görə, Xocalının dinc sakinlərinə qarşı zor tətbiq edilib, onlar meşələrdə və dağlarda qəddarlıqla qətlə yetiriliblər. Bu sakinlərin çoxunun başları kəsilib, dəriləri soyulub, bəziləri diri-diri yandırılıb, onlar amansızcasına işgəncələrə məruz qalıb. Salamat qalanlar şaxtalı günlərdə meşələrdən və dağlardan keçərək, təhlükəsiz yerlərə çatıblar.
Məqalədə deyilir: “Xocalıda baş vermiş hadisələri müxtəlif cür adlandırırlar. Qərb KİV-lərində “qırğın” sözü işlədilir, Azərbaycanda isə Xocalı hadisələrini soyqırımı və ya faciə adlandırırlar. Soyqırımı qurbanlarının fotoşəkilləri və videoları var, lakin bu kadrlara baxmaq çox çətindir”.
O dəhşətli hadisələrin şahidi olmuş Xəyal adlı şəxs həmin günlərdə ailəsinin başına gətirilənlər barədə finlandiyalı jurnalistlərə deyib: “Xocalı hadisələri zamanı xalam qaça bilməyib və ermənilərə əsir düşüb. Onun dəhşətli həyat tarixçəsi barədə, əsir düşməsi, orada başına gətirilənlər və necə salamat qala bilməsi barədə söhbətlərini çox eşitmişəm. Xalam bu barədə danışanda həmişə ağlayır. Xalamla eyni vəziyyətdə olan adamların sayı mindən çoxdur”.
“Suomenkuvalehti” qəzetinin redaksiyasında xatırladıblar ki, Xocalı hadisələri barədə Finlandiyada ilk dəfə 1992-ci il martın 3-də “Helsingin Sanomat” qəzetində məlumat dərc edilib.
Məqalədə deyilir: “Xocalı hadisələrinin unudulmasının əsas səbəblərindən biri Qərbdə erməni diasporunun çox güclü siyasi təsirə malik olmasıdır. Hərçənd BMT Ermənistanı Qarabağı işğal etməsini pisləyib, “Human Rights Watch” təşkilatı isə Xocalı hadisələrini soyqırımı adlandırıb. Xocalının salamat qalmış sakinləri işgəncələr nəticəsində ağır xəsarətlər alıb. Uşaqlar, gənclər və onların valideynləri hələ də əziyyət çəkir. Onlar öz uşaqlıq, gənclik illərini, sevinc hissini itiriblər, həyatları alt-üst olub. Lakin Ermənistan hakimiyyət orqanları bu vəhşiliklərə görə cəzalanmayıb, təqsirkarlar məsuliyyətə cəlb edilməyib”.
Müəllif yazır ki, Azərbaycan ilə Ermənistan arasında sonuncu müharibə 2020-ci il noyabrın 10-na keçən gecə imzalanmış Bəyanatla rəsmən başa çatıb. Həmin Bəyanata əsasən, Azərbaycanın işğal altında olan ərazilərinin çox hissəsi yenidən Azərbaycanla birləşib.
Məqalənin sonunda deyilir: “Lakin soyqırımı kimi hadisələri unutmaq olmaz. Əgər tarixi unutsaq, belə hadisələr yenə təkrarlana bilər və növbəti dəfə bir başqası bu hadisənin qurbanı olar”.

Qeyd edək ki, məqaləni Finlandiya Azər-Türk gənclər təşkilatinin fəal üzvü Mona Safojifar yazıb

 

Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm

Xocalı faciəsi 2021-02-27 15:24:00