×
A
A
A
Sazlamalar

Xocalı soyqırımı təkcə Azərbaycana qarşı deyil, bütün insanlığa qarşı törədilmiş bəşəri cinayətdir

Bakı, 27 fevral, AZƏRTAC

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyev, sədrin birinci müavini, deputat Əhliman Əmiraslanov, sədr müavinləri – deputat Eldar İbrahimov, Bayram Yusifov, Vahid Novruzov, həmçinin təşkilatın Aparat rəhbəri Ramin Həsənli və digər rəsmi şəxslər Xətai rayonunda yerləşən Xocalı parkında faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.
Bu barədə AZƏRTAC-a Şuranın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, abidənin önünə gül dəstələri qoyan Şura üzvləri Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edib, Uca Allahdan bütün şəhidlərimizə rəhmət diləyiblər.
Xocalı soyqırımını Azərbaycan tarixinin ən faciəli hadisələrindən biri olduğunu deyən Ağsaqqallar Şurasının sədri Eldar Quliyev bu soyqırımını təkcə ölkəmizə qarşı deyil, bütün insanlığa qarşı törədilmiş bəşəri cinayət kimi dəyərləndirib. Günahsız insanların qanının yerdə qalmadığını bildirən Eldar Quliyev qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanaraq təkcə Xocalı qurbanlarının deyil, bütün şəhidlərimizin qisasını alıb. Bu gün üçrəngli dövlət bayrağımız doğma torpaqlarımızda, Qarabağımızda dalğalanır.

 

Xocalı faciəsi 2021-02-27 13:14:00