×
A
A
A
Sazlamalar

ATƏT PA-da Belçika və İsveç nümayəndələrinə Ermənistanın törətdiyi hərbi cinayətlər xatırladılıb

Bakı, 27 fevral, AZƏRTAC

Fevralın 26-da ATƏT Parlament Assambleyasının (ATƏT PA) qış sessiyasının son günündə qurumun Demokratiya, insan hüquqları və humanitar məslələr üzrə Ümumi Komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclas çərçivəsində Belçika nümayəndə heyətinin üzvü Mark Demesmekerin və İsveç nümayəndə heyətinin üzvü Byorn Soderin Azərbaycana qarşı qərəzli çıxışlarına cavab olaraq, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Assambleyanın vitse-prezidenti Azay Quliyev Ermənistanın törətdiyi hərbi cinayətlərin siyahısını sadalayaraq, onları bu cinayətləri törədənlərə qarşı mövqe bildirməyə çağırıb.
Azay Quliyev deyib: “Mən istərdim ki, gündəlikdə qeyd olunan məsələ ilə bağlı çıxış edim, lakin Belçika və İsveçdən olan həmkarlarımız məni çıxışımın mövzusunu dəyişərək onlara cavab verməyə vadar etdi.
Hörmətli həmkarlar, əgər siz 44 günlük müharibə zamanı törədilmiş hərbi cinayətlərlə maraqlanırsınızsa, mən sizə konkret faktlarla Ermənistanın törətdiyi hərbi cinayətlərin siyahısını təqdim edirəm:
1) Münaqişə zonasından yüzlərlə kilometr uzaqda yerləşən Azərbaycan şəhərləri beynəlxalq səviyyədə qadağan olunmuş SCUD raketləri və kasetli bombalardan istifadə olunmaqla Ermənistan tərəfindən qəsdən hədəfə alındı və nəticədə 100-dən çox mülki şəxs öldürüldü və 500-ə yaxın insan yaralandı. Yeri gəlmişkən onu da deyim ki, ATƏT ərazisində Ermənistan beynəlxalq səviyyədə qadağan olunmuş SCUD raketlərini digər ATƏT üzv ölkəsinə qarşı istifadə edən ilk ölkə oldu.
2) Ermənistan azərbaycanlı müharibə əsirlərinə qarşı qeyri-insani rəftar göstərib və onlara işgəncələr verib. Bu məsələ ilə bağlı çoxlu fakt var və onları da sizinlə bölüşə bilərəm.
3) Hərbi əməliyyatlar zamanı Ermənistan Yaxın Şərqdən olan terrorçuları, xüsusilə də PKK və ASALA üzvlərini Azərbaycana qarşı istifadə etdi. Bu, bir faktdır. Yüksək hərbi potensiala və müasir hərbi infrastruktura malik olan Azərbaycan sizin iddianızın əksinə olaraq, heç vaxt bu cür qanunsuz terror təşkilatlarından və muzdlulardan istifadə etməyib və buna heç vaxt ehtiyac duymayıb.
4) Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana təqdim etməkdən imtina etməklə, beynəlxalq humanitar hüququn prinsiplərini pozmaqda davam edir və işğaldan azad olunmuş ərazilərdə bu ölkə tərəfindən basdırılmış minaların partlaması nəticəsində onlarla azərbaycanlı həlak olub.
5) Münaqişə bitdikdən sonra Ermənistanın ötən il noyabrın 26-da Azərbaycana göndərdiyi təxribatçı qrup tərəfindən törədilmiş terror aktı nəticəsində 4 azərbaycanlı hərbçi həlak olub, bir mülki şəxs yaralanıb.
Bütün bu faktlar onu sübut edir ki, Ermənistan beynəlxalq öhdəliklərini və 10 noyabr üçtərəfli bəyanatının müddəalarını kobud şəkildə pozub.
Mən sizi bu məsələləri ətraflı şəkildə araşdırmağa dəvət edirəm. Bu məsələ ilə bağlı sizinlə əməkdaşlığa və ətraflı müzakirələrə hazıram.
Sonda bildirmək istərdim ki, Ermənistan və onun tərəfdarları 44 günlük müharibədən lazımi nəticələr və dərslər çıxarmalı, üçtərəfli bəyanatın imzalanmasından sonra bərqərar olan sülhə töhfə verməyə çalışmalıdırlar. Bunu etmək istəmirlərsə və ya edə bilmirlərsə, onlar ən azından bu cür təxribatlara və Azərbaycana qarşı yalan və böhtan xarakterli məlumatları yaymağı dayandırmalıdırlar. Təxribat xarakterli iddialar və fəaliyyətlər heç vaxt heç bir tərəfə fayda gətirməyəcək”.

Xocalı faciəsi 2021-02-27 00:02:00