×
A
A
A
Sazlamalar

Xocalı soyqırımının 29-cu ildönümü Türkmənistanda anılıb

Aşqabad, 26 fevral, АZƏRTAC

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Azərbaycanın Türkmənistandakı səfirliyində anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi və soyqırımı qurbanlarının xatirəsinin anılması ilə başlayıb.
Xocalı soyqırımı haqqında məlumat verən Azərbaycanın Türkmənistandakı səfiri Həsən Zeynalov bildirib ki, 1992-ci ilin fevralın 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edib.
İşğalçıların Xocalını viran qoyduqlarını, onun dinc əhalisini xüsusi amansızlıqla qətlə yetirdiklərini deyən diplomat 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlı olmaqla, 613 mülki şəxsin qətlə yetirildiyini, 8 ailənin tamamilə məhv edildiyini, 25 uşağın hər iki valideynini itirdiyini, mindən çox sakinin yaralandığını, 1275 sakinin əsir götürüldüyünü, 150 sakinin itkin düşdüyünü və onlara qarşı bu qırğının, sadəcə, azərbaycanlı olduqları üçün həyata keçirildiyini diqqətə çatdırıb.
H.Zeynalov erməni silahlı birləşmələri tərəfindən dinc sakinlərin kütləvi şəkildə qətlə yetirilməsinin, əsirlərin və meyitlərin təhqir edilməsinin dünya üçün sirr olmadığını, bunun Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan tərəfindən etiraf edildiyini bildirib.
Diplomat Xocalı qətliamının soyqırımı kimi tanıdılmasının Azərbaycanın xarici siyasətinin vacib məsələlərindən olduğunu, bir sıra dövlətlərin mərkəzi və qanunverici orqanlarının, həmçinin İslam Əməkdaşlıq Təşkilatının Xocalıda dinc əhalinin qırğınının pislənilməsinə, faciənin soyqırımı və insanlıq əleyhinə cinayət əməli kimi tanınmasına dair çoxsaylı qərarlar qəbul etdiklərini diqqətə çatdırıb.
“Xocalıya ədalət!” aksiyası çərçivəsində atılan addımların əhəmiyyətini qeyd edən səfir beynəlxalq hüquq çərçivəsində görülən tədbirlərin cəzasızlığa son qoyulmasına və Ermənistanın Azərbaycana qarşı təcavüzü fonunda bəşəriyyət əleyhinə törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin ədalət mühakiməsinə cəlb edilməsinə xidmət göstərəcəyinə əminliyini bildirib.
H.Zeynalov 26 fevral tarixinin həm də Sumqayıt hadisələri ilə xarakterizə olunduğunu, Sumqayıtda baş verənlərin Dağlıq Qarabağ münaqişəsinin alovlandırılması yönündə ermənilərin sovet rəhbərliyi və dövlət təhlükəsizlik orqanları ilə birgə təşkil etdiyi xüsusi hazırlanmış ssenari olduğunu, bu hadisələrin ildönümü günü Xocalı soyqırımını törədən ermənilərin Sumqayıtın “intiqamı”nı aldıqlarını bildirmələrinin təsadüfi olmadığını vurğuladı.
Xocalı soyqırımım 29-cu il dönümündə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhlarının şad olduğunu qeyd edən səfir, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Azərbaycan xalqının 30 illik həsrətinə son qoyaraq torpaqlarımızı erməni işğalından azad etdiyini, uğrunda canlardan keçilən Qarabağ torpağında Azərbaycanın üçrəngli bayrağının dalğalandığını vurğulamışdır.
Böyük bir hissəsi uşaq, qadın və qocalardan ibarət olan dinc mülki əhaliyə qarşı onların milli mənsubiyyətinə görə edilən bu hərəkətlərin heç bir izahının, bəraətinin olmadığını, bu soyqırımı törədənlərin ən ağır şəkildə cəzalanmalı olduqlarını ifadə edən tədbir iştirakçıları, soyqırımı qurbanlarının xatirəsinin hər bir azərbaycanlının qəlbində daim yaşayacağını bildirib. Çıxışlardan sonra tədbir iştirakçıları Xocalı soyqırımını əks etdirən videomateriallara, qısametrajlı filmə baxıblar.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad 

Xocalı faciəsi 2021-02-26 21:44:00