×
A
A
A
Sazlamalar

Ruandanın xəbər portalında “Xocalı qətliamı: Ermənistanın azərbaycanlılara qarşı soyqırımı” sərlövhəli məqaləsi dərc olunub

Bakı, 26 fevral, AZƏRTAC

Ruandanın nüfuzlu “İGİHE” xəbər portalında jurnalist Tesfa-Alem Teklenin Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş “Xocalı Qətliamı: Ermənistanın azərbaycanlılara qarşı soyqırımı” sərlövhəli məqaləsi dərc olunub.
Azərbaycanın Efiopiyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, müəllif məqalədə Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə müharibə və insanlıq əleyhinə cinayətlərin, o cümlədən 83-ü uşaq olmaqla 613 nəfərin öldürülməsi ilə nəticələnən Xocalı soyqırımının törədildiyini yazır.
Tesfa-Alem Tekle Xocalı soyqırımı barədə həqiqətlərdən danışarkən Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın britaniyalı jurnalist Tomas De Valla müsahibəsindəki Ermənistanın işğalçı və təcavüzkar siyasəti barədə etiraflarına istinad edir.
Jurnalist Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başladılmış “Xocalıya Ədalət!” beynəlxalq kampaniyası haqqında ətraflı məlumat verir, kampaniyanın məqsədinin Xocalı soyqırımı barədə dünya ictimaiyyətinə məlumatların çatdırılmasından ibarət olduğunu bildirir.
Məqalədə, həmçinin Xocalı soyqırımının Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olmasının təsdiq edildiyi, Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya və Şotlandiya parlamentləri, eləcə də ABŞ-ın bir çox ştatının icra və qanunvericilik orqanlarının Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pislədiyi qeyd edilir.
Yazıda jurnalist Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili Dmitri Paninin sözlərinə istinadən bildirir ki, Xocalı soyqırımının müəllifləri hələ də azadlıqdadır. Lakin Vətən müharibəsi nəticəsində ədalətin qalib gəlməsi və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən sonra Xocalı Soyqırımını törədənlərlə bağlı da ədalətin bərpa olunacağı bir gün gələcəkdir.

Xocalı faciəsi 2021-02-26 21:38:00