×
A
A
A
Sazlamalar

İndoneziya mətbuatında Xocalı soyqırımı ilə bağlı silsilə məqalələr dərc olunub

Cakarta, 26 fevral, AZƏRTAC

İndoneziyanın müxtəlif xəbər saytlarında Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı silsilə məqalələr dərc olunub.
AZƏRTAC xəbər verir ki, İndoneziyanın “Respublika Radiosu”nun, “Republika” qəzetinin, “Tribune News”, “Rakyat Merdeka”, “Liputan”, “Indonesia globe”, “İntisari online”, “Harianaceh Indonesia”, “Mi News” və “Warta Pena News” xəbər saytlarında Xocalı soyqırımı ilə bağlı məqalələr dərc olunub, habelə geniş izləyici kütləsinə malik “Detik.com” internet saytında faciə ilə bağlı məlumat videomaterial şəklində yerləşdirilib.
Məqalələrdə hər il 26 fevral tarixində Azərbaycan xalqının Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etdiyi və həmin faciə zamanı 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qocanın vəhşicəsinə öldürüldüyü qeyd olunub. 1992-ci il fevralın 26-na keçən gecə baş vermiş Xocalı soyqırımı və bu qətliamın baş verməsinə qədər olan siyasi və hərbi proseslərə, o cümlədən əsrlər boyu Azərbaycan torpaqlarına qarşı iddialar irəli sürmüş Ermənistanın 1988-ci ildən başlayaraq Dağlıq Qarabağ bölgəsini ilhaq etmə planları və Ermənistan-Azərbaycan münaqişəsinə dair geniş məlumat verilib.
Həmçinin İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Ermənistan üzərində əldə etdiyi böyük Qələbədən, müharibənin dayandırılması ilə bağlı imzalanmış üçtərəfli bəyanat çərçivəsində aparılan danışıqlar, eləcə də işğaldan azad edilmiş torpaqlarımızda görülən bərpa işlərindən bəhs edilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Cakarta

Xocalı faciəsi 2021-02-26 20:53:00