×
A
A
A
Sazlamalar

İordaniyada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Bakı, 26 fevral, AZƏRTAC

İordaniyada Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar anım gecəsi təşkil edilib.
Azərbaycanın İordaniyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, Türkiyə, Pakistan, Qazaxıstan və Gürcüstanın Əmmandakı diplomatik missiya rəhbərlərinin, eləcə də İordaniya parlament, beyin mərkəzi və mətbuat nümayəndələrinin, o cümlədən ölkəmizin ali təhsil müəssisələrini bitirmiş iordaniyalı məzunların iştirak etdikləri anım tədbiri Xocalı və Vətən müharibəsi qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri açan səfirliyin müvəqqəti işlər vəkili Elnur Şahhüseynov Fransanın “Le Mond”, Böyük Britaniyanın “Tayms” kimi Avropanın aparıcı qəzetlərinin Xocalı soyqırımı ilə bağlı dərc etdiyi xəbərləri, o zaman qanunsuz silahlı birləşmələrin komandiri, sonradan Ermənistana rəhbərlik etmiş S.Sarkisyanın britaniyalı jurnalist Tomas De Vaala söylədiyi fikirləri, erməni müəllifi Markar Melkonyanın “Arabo” və “Aramo” döyüşçüləri barəsində xatirələrini anım iştirakçılarının diqqətinə çatdırıb. O, Xocalı qətliamının XX əsr boyu terrorçu ermənilərin dinc azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğın və etnik təmizləmələrin davamı olduğuna diqqət çəkib. Eyni zamanda, Ermənistan Respublikasının bəşəriyyətə qarşı cinayətlərinin 2020-ci ildəki Vətən müharibəsi dövründə yenidən özünü bariz şəkildə göstərdiyi qeyd edilib və bu cinayətlərlə əlaqədar bir sıra məlumatlar təqdim olunub.
E.Şahhüseynov bildirib ki, Xocalı qətliamı ilə əlaqədar Avropa Şurası Nazirlər Komitəsinin 11 mart 1992-ci il tarixli bəyannaməsi və Avropa İnsan Haqları Məhkəməsinin 22 aprel 2010-cu il tarixli qərarı var. İordaniya Senatında da Xocalı soyqırımını pisləyən bəyanat qəbul edilib. İordaniya Xocalı şəhərində kütləvi qırğını tanıyan ilk ərəb ölkəsidir. Səfirliyin müvəqqəti işlər vəkili Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində Azərbaycanda görülən işlərdən də söhbət açıb. Nəzərə çatdırıb ki, məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə beynəlxalq təbliğat işlərinə start verilib. Son illərdə isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə dünyada “Xocalıya ədalət!” kampaniyası başlayıb.
Çıxışında E.Şahhüseynov Azərbaycan həqiqətlərini İordaniya cəmiyyətində geniş təbliğ etdiklərinə görə, dost və qardaş iordaniyalılara minnətdarlığını ifadə edib.
Sonra Pakistanın müvəqqəti işlər vəkili Teymur Zülfuqar Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi altında qazanılmış möhtəşəm Zəfər münasibətilə qardaş xalqımıza və dövlətimizə təbriklərini çatdırıb, ölkəsinin Xocalı soyqırımını qınayan və rəsmən tanıyan, habelə Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı davamlı şəkildə dəstəkləyən ölkələr sırasında yer aldığını xatırladıb.
“İordaniyada Azərbaycan Universitet və İnstitutlarının Məzunları Klubu”nun idarə heyətinin sədri Əyhəm Əbu Annəb və tarixçi Ömər əl-Armuti də çıxışlarında parlaq Qələbə münasibətilə səmimi təbriklərini ifadə edib, Xocalı soyqırımını qətiyyətlə pisləyib, Azərbaycanın haqq işini və həqiqətlərini bundan sonra da İordaniyada geniş təbliğatını davam etdirəcəklərini deyiblər.
Çıxışlardan sonra “Khojaly Genocide” adlı sənədli film nümayiş etdirilib, “İrs” jurnalının son sayının ərəbdilli versiyasından, o cümlədən səfirliyin sifarişi ilə hazırlanmış və içində üzərlərində ərəb dilində “Xocalıya ədalət! 26 fevral 1992-ci il” sözləri yazılmış bloknot, qələm və vizitkart qabı olan çantalar paylanılıb.

Xocalı faciəsi 2021-02-26 19:49:00