×
A
A
A
Sazlamalar

Tamam Cəfərova: Xocalı qatillərinin cəzalandırılması insanlığa qarşı yönəlmiş aktların təkrarlanmaması üçün mühüm şərtdir

Bakı, 26 fevral, AZƏRTAC

Bu il biz Xocalı soyqırımı qurbanlarını başqa əhval-ruhiyyədə-qalib ölkənin vətəndaşları kimi anırıq. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz 44 günlük Vətən müharibəsində Ermənistan ordusunu darmadağın edərək təslim aktını imzalamağa məcbur etdi. Bununla da Azərbaycan torpaqlarının işğalına son qoyuldu, bütün şəhidlərimizin və Xocalı soyqırımı qurbanlarının qisası alındı.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Tamam Cəfərova deyib. Deputat bildirib ki, Xocalı soyqırımı erməni işğalçılarının xalqımıza qarşı iki yüz ildən artıq tətbiq etdikləri deportasiya və soyqırımı siyasətinin ən faciəli səhifəsidir. Xocalının yüzlərlə günahsız sakininin vəhşicəsinə qətlə yetirilməsi münaqişə zamanı törədilmiş ən qanlı cinayətlərdən biridir. Faciə zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülmüş, onların başları kəsilmiş, gözləri çıxarılmış, diri-diri yandırılmış, hamilə qadınların doğulmamış uşaqları qarınlarından çıxarılmışdır.
T.Cəfərova diqqətə çatdırıb ki, beynəlxalq hüquq Xocalı qətliamının soyqırımı olduğunu birmənalı şəkildə təsdiqləyir. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 saylı qətnaməsində qeyd olunur ki, genosid (soyqırımı) insan qruplarının yaşamaq hüququnu tanımamaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dayaqlardan məhrum edir. Belə bədnam əməllər BMT-nin məqsəd və vəzifələrinə tam ziddir. BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 saylı qətnaməsi ilə qəbul edilmiş və 1961-ci ildə qüvvəyə minən "Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyada genosid cinayətinin hüquqi əsası təsbit olunub. Konvensiyaya qoşulan dövlətlər dinc və yaxud müharibə dövründə törədilməsindən asılı olmayaraq, genosidin beynəlxalq hüquq normalarını pozan cinayət olduğunu təsdiq edərək, onun qarşısının alınması və səbəbkarlarının cəzalandırılması üçün tədbirlər görməyi öhdələrinə götürüblər. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin konvensiyada təsbit olunmuş genosid cinayətini təşkil edən bütün əməllər tətbiq olunub.
Deputat vurğulayıb ki, Xocalı faciəsinə ilk layiqli siyasi qiymət 1994-cü ildə ümummilli lider Heydər Əliyev tərəfindən verilib. Faciə ilə bağlı həqiqətlərin beynəlxalq aləmdə düzgün təbliği və günahkarların layiqli cəzalandırılması istiqamətində ölkəmizin başçısı İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə əhəmiyyətli işlər görülür. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlayaraq aparılan “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada təbliğ olunmasında, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır. Xocalı soyqırımı hər il dünyanın 80-dən çox ölkəsində geniş şəkildə anılır və ictimaiyyətə çatdırılır. Artıq 15-ə qədər ölkənin parlamenti Xocalı soyqırımını beynəlxalq hüquq normalarına uyğun olaraq qiymətləndiriblər. ABŞ-ın 22 ştatı Xocalı soyqırımını rəsmi tanınması ilə bağlı sənəd qəbul ediblər.
“Amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilən Xocalı qətliamı daim təbliğ edilərək gələcək nəsillərə çatdırılmalıdır. Bu gün hər bir azərbaycanlının qarşısında mühüm vəzifələrdən biri Xocalı soyqırımı və bütövlükdə ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi dünya ictimaiyyətinə çatdırmaqdır. Bu, Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur. Digər tərəfdən, faciənin beynəlxalq miqyasda əsl hüquqi-siyasi qiymət alması və Xocalı qatillərinin cəzalandırılması insanlığa qarşı yönəlmiş aktların təkrarlanmaması üçün mühüm şərtdir”,-deyə Tamam Cəfərova bildirib.

Xocalı faciəsi 2021-02-26 19:42:00