×
A
A
A
Sazlamalar

Gürcüstanın “Adjara ps” qəzetində Xocalı soyqırımından bəhs edən məqalə dərc olunub

Tbilisi, 26 fevral, AZƏRTAC

Gürcüstanın nüfuzlu “Adjara ps” qəzetində Xocalı soyqırımı ilə bağlı geniş məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş konsulluğu tərəfindən hazırlanan məqalədə Sovet İttifaqının parçalanmasından sonra ittifaq respublikalarında, o cümlədən Azərbaycanda yaranmış probemlərdən bəhs olunur. Bildirilir ki, Azərbaycanda daxili çəkişmələr nəticəsində yaranan siyasi qeyri-sabitlikdən yararlanan Ermənistan xarici hərbi yardımlardan istifadə edərək ölkəmizə qarşı geniş miqyaslı təxribat, terror və hərbi əməliyyatlara başlayıb. Ermənilərin Dağlıq Qarabağdan başlayan hücumları 1992-ci ilin fevralında Xocalı şəhərində Azərbaycan əhalisinə qarşı görünməmiş soyqırımı ilə özünün ən müdhiş nöqtəsinə çatdı. Xocalı soyqırımı kimi tanınan bu qanlı faciədə minlərlə azərbaycanlı kütləvi şəkildə qətlə yetirildi, əsir götürüldü, şəhər isə yerlə-yeksan edildi. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı piyada alayının köməyi ilə Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda yerləşən və münaqişəyə qədər 23,757 nəfər əhalisi olan kiçik bir şəhəri-Xocalını istila etdilər.
Dəhşətli gecədə şəhərdə qalan xocalı sakinləri (təxminən 2500 nəfər) hücum başladıqdan sonra azərbaycanlıların məskunlaşdığı ən yaxın ərazilərə gedən yolu tapmaq ümidi ilə öz evlərini tərk etməyə cəhd etdilər. Lakin bir çoxu buna nail ola bilmədi.
Nəticədə 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi. 1275 nəfər girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Faciə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 uşağın isə hələ heç yaşı tamam olmamışdı. 8 ailə tamamilə məhv edildi, 26 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü.
Erməni rəsmiləri Xocalı əhalisinə qarşı törətdikləri cinayətlər də daxil olmaqla, münaqişə zamanı törətdikləri cinayət faktlarını saxtalaşdırmaqla və öz versiyalarını uydurmaqla nəinki reallıqdan tamamilə uzaq olan həm də sadə məntiqə sığmayan şərhlər verməklə öz iştiraklarını inkar edirdilər.
Məqalədə o da vurğulanır ki, bütün bunlara baxmayaraq, hətta ən mahir təbliğat belə ermənilər tərəfindən irəli sürülən fikirlərə tamamilə əks olan və real vəziyyəti göstərən faktları təkzib edə bilməyəcək.
Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış olmaq olar:
https://adjaraps.com/?p=6993

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

Xocalı faciəsi 2021-02-26 19:31:00