×
A
A
A
Sazlamalar

Akademik Asəf Hacıyev: Xocalıya ədalət tələb edərək dünyada belə faciələrin bir daha yaşanmamasını istəyirik

Ankara, 26 fevral, AZƏRTAC

Xocalı soyqırımı bəşəriyyət əleyhinə cinayətdir. Bu cinayətin planlaşdırılması, həyata keçirilməsi və baş verən qəddarlıqlar, sadəcə olaraq, insanları öldürmək cəhdi deyil. Xocalı soyqırımının törədilməsinin əsl mahiyyətini daha dərindən bilmək bütün türk xalqlarının, o cümlədən gənc nəslin mənəvi borcudur. Bu bəşəri cinayətin səbəb və məqsədləri birbaşa milli varlığımızın dünənini, bu gününü və sabahını məhv etmək olub.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş katibi, akademik Asəf Hacıyev ifadə edib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən il davam edən 44 günlük Vətən müharibəsinin zəfərlə başa çatmasını tarixi qələbə və gələcəyimiz üçün açılan yeni bir yol kimi dəyərləndirən akademik Asəf Hacıyev savaş günlərində təcavüzkar Ermənistanın Azərbaycanda dinc əhalini, yaşayış evlərini hədəf alması ilə Xocalı soyqırımı arasında paralellər apararaq deyib: “Azərbaycan məhz ona görə qələbə qazandı ki, dövlətimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf və güclənmək starategiyasına sahibdir. Ordunun mütəşəkkilliyi, diplomatik mühitdə qazanılmış nailiyyətlər, siyasi uğurlar və xalqın rəhbərliyə inamı bu qələbənin əsasını təşkil edir. Gələcəkdə bir daha Xocalı soyqırımı kimi ağır faciələr yaşamamaq üçün, eləcə də belə cinayətlərin dünyada törədilməsinə qarşı sərgilədiyimiz mövqeyi qorumağın yeganə yolu var ki, bu da güclü olmaqdan ibarətdir. Müasir dövrdə güclü olmağın əsasında elm və təhsil dayanır”. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü əsasında həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində görülən işləri, bu sahədə əldə olunan nəticələri yüksək dəyərləndirən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş katibi Asəf Hacıyev bildirib ki, bu proses beynəlxalq ictimaiyyətin Xocalı soyqırımına münasibətini dəyişib. Hər kəsin fəallığı, o cümlədən türkdilli ölkələrin və xalqların birliyi gücləndikcə haqq işlərimiz daha böyük nəticələr verəcək.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Xocalı faciəsi 2021-02-26 19:16:00