×
A
A
A
Sazlamalar

BDU-da beynəlxalq tədbir: Xocalı faciəsi - insanlığa qarşı törədilmiş bəşəri cinayət

Bakı, 26 fevral, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan “Xocalı faciəsi - insanlığa qarşı törədilmiş bəşəri cinayət” mövzusunda onlayn dəyirmi masa keçirilib. Tədbirdən öncə Xocalı soyqırımı qurbanlarının, eləcə də Azərbaycanın azadlığı, ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda canlarını fəda etmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə rektor Elçin Babayev Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımının insanlıq tarixində kütləvi terror aktlarından biri olduğunu qeyd edib, faciə haqqında məlumat verib: “Xocalı faciəsi mənfur qonşunun törətdiyi bəşəri cinayət aktı kimi yaddaşımızdadır. Bu faciəni unutmadıq, unutmuruq və unutdurmayacağıq. Fevralın 25-dən 26-na keçən gecə törədilmiş soyqırımı erməni millətçilərinin Azərbaycan xalqına qarşı apardıqları işğalçılıq, etnik təmizləmə və soyqırımı siyasətinin davamı idi. 7 min əhalisi olan Xocalıda soyqırımı aktı nəticəsində 613 nəfər - 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü, 1000 nəfərə yaxın müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indiyə qədər də məlum deyil.
Rektor diqqətə çatdırıb ki, tarixi, abidələri ilə fərqlənən, Azərbaycan tarixində mühüm əhəmiyyət kəsb edən, qədim mədəniyyəti, strateji önəmi olan Xocalı şəhəri, sözün əsl mənasında, xarabalığa çevrilib. Biz bu mənzərəni işğaldan azad edilmiş digər rayonlarımızda gördük. Fevralın 25-də Ağdama növbəti dəfə səfər edən xarici jurnalistlər bu dəhşət qarşısında söz tapmağa aciz qaldılar.
Elçin Babayev deyib ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan, Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasət nəticəsində xalqımızın yaşadığı məhrumiyyətlər geridə qalıb, Azərbaycan xalqı qalib xalqa çevrilib: “Xocalı faciəsinə həsr olunmuş tədbirlər bu il başqa əhval-ruhiyyədə - qalib ölkənin vətəndaşları kimi keçirilir. Xocalıda və digər torpaqlarımızda erməni təcavüzkarlarının vəhşicəsinə həyata keçirdiyi soyqırımı aktları nəticəsində həlak olan həmvətənlərimizin qisası siyasət meydanı ilə yanaşı, döyüş meydanında da alındı. Xocalı şəhidlərimizin ruhu bu gün sakitdir, şaddır”.
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu, İsrailin “The Jerusalem Post” qəzetinin siyasi şərhçisi, siyasi analitik Arye Qut, Moldova Respublikasının İctimai Palatasının sədri, Moldova Vəkillər Kollegiyasının üzvü Aureliya Qriqoriu, Milli Məclisin deputatları Elman Məmmədov, Anar İsgəndərov, BDU-nun Tarix fakültəsinin dekanı vəzifəsini icra edən, professor İbrahim Zeynalov, Xocalı özünümüdafiə batalyonunun komandiri, Milli Qəhrəman Tofiq Hüseynovun nəvəsi – BDU-nun Hüquq fakültəsinin tələbəsi Məxmər Ələkbərzadə çıxışlarında ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri kütləvi cinayətlərdən biri olan Xocalı soyqırımının məqsədi, səbəb və nəticələri, faciənin miqyası ilə bağlı tarixi faktları diqqətə çatdırıblar.

Xocalı faciəsi 2021-02-26 18:57:00