×
A
A
A
Sazlamalar

Xocalı soyqırımının acı nəticələri heç vaxt unudulmamalıdır

Bakı, 26 fevral, AZƏRTAC

Aşqarlar Kimyası İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurası, Azad Həmkarlar Təşkilatı və YAP Ərazi Təşkilatı tərəfindən Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunan onlayn tədbir keçirilib. “Zoom” platforması üzərindən baş tutan tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru, dosent Əfsun Sucayev soyqırımının 29-cu ildönümünün başqa bir şəraitdə, 44 günlük Vətən müharibəsindən qalib çıxmış xalqımız tərəfindən anıldığını qeyd edib: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz torpaqlarımızı işğaldan azad etdi, şəhidlərimizin qisası alındı”.
İnstitutun Azad Həmkarlar Təşkilatının sədri, dosent Elxan İsakov və Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Səbiyə Osmanova çıxışlarında vurğulayıblar ki, Xocalı soyqırımından 29 il ötməsinə baxmayaraq faciənin ağrı və acısı heç vaxt unudulmamalıdır. Bu faciənin unudulmaması və tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması ixtisasından, peşəsindən asılı olmayaraq bütün ziyalıların vətəndaşlıq borcudur və hər birimiz üzərimizə düşən missiyanı layiqincə yerinə yetirməliyik.
Tədbirdə Xocalı soyqırımı il bağlı videoçarx nümayiş etdirilib.

Elm və təhsil 2021-02-26 18:49:00