×
A
A
A
Sazlamalar

“Xocalı soyqırımı: XX əsrin ən dəhşətli insanlıq cinayəti” mövzusunda onlayn tədbir

Bakı, 26 fevral, AZƏRTAC

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Xocalı soyqırımı: XX əsrin ən dəhşətli insanlıq cinayəti” mövzusunda onlayn tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, tədbirdə ATMU-nun rektoru İlham Mədətov Xocalı soyqırımının insanlıq tarixinə kütləvi terror aktı kimi daxil olduğunu deyib, 29 il əvvəl baş vermiş faciədən, onun acı nəticələrindən söz açıb. Rektor qeyd edib ki, Xocalı soyqırımında 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, ümumilikdə 613 nəfər amansızlıqla qətlə yetirilib. Səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Habelə 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, 155 nəfər itkin düşüb. Bir gecədə Xocalı şəhəri yer üzündən silinib.
Erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlərin, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması istiqamətində hər zaman dövlətimiz tərəfindən məqsədyönlü və ardıcıl siyasət həyata keçirilib. “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində müxtəlif anım və tanıtım tədbirləri keçirilir.
İlham Mədətov Xocalı faciəsinin xalqımıza qarşı XX yüzillikdə apardıqları yeganə etnik təmizləmə və soyqırımı siyasəti olmadığını konkret faktlarla diqqətə çatdırıb. İnsanlığa qarşı törədilən cinayətin cəzasız qalmamasını, Ermənistanın hərbi-siyasi təcavüzünün dünya ictimaiyyəti tərəfindən ittiham edilməsini, Azərbaycan torpaqlarında törədilən Xocalı soyqırımına beynəlxalq siyasi-hüquqi qiymət verilməsini zamanın tələbi kimi dəyərləndirib.
Tədbirdə A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Cəbi Bəhramov, Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin baş məsləhətçisi Samirə Hüseynova, ikinci Qarabağ müharibəsi iştirakçısı, ATMU-nun məzunu Emin Nəcəfov çıxış edərək faciə ilə bağlı fikirlərini bildiriblər.
Onlayn tədbirdə universitetin struktur rəhbərləri və tələbələri Xocalı faciəsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Sonda Xocalı soyqırımı qurbanları ilə bağlı videoçarx təqdim edilib.
Qeyd edək ki, universitetdə gün ərzində Xocalı faciəsi haqqında kitab sərgisi və videoçarx nümayiş olunub.

Elm və təhsil 2021-02-26 18:13:00