×
A
A
A
Sazlamalar

Parisdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO

Paris, 26 fevral, AZƏRTAC

Ölkəmizin Fransadakı səfirliyi və UNESCO yanında Daimi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Parisdə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, anım tədbirində ölkəmizin Fransadakı səfiri Rəhman Mustafayev, UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev və Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının vitse-prezidenti Loran Pultye dü Mesnil çıxış ediblər.
Xocalı faciəsi qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Xocalıda törədilən soyqırımı haqqında ətraflı məlumat verilib. Erməni silahlı qüvvələrinin bir gecədə 613 mülki şəxsi amansızcasına qətlə yetirdiyi bildirilib. Qeyd olunub ki, bu il Xocalı soyqırımı qurbanlarının xatirəsi əvvəlki illərdən fərqli şəkildə anılır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu erməni işğalına son qoyaraq tariximizdə yeni şanlı səhifə açdı və Vətən uğrunda canlarını fəda etmiş igid Azərbaycan oğullarının, eləcə də Xocalı soyqırımı qurbanlarının qanını yerdə qoymadı.
Çıxış edənlər erməni silahlı qüvvələrinin həmin qorxunc gecədə mülki azərbaycanlı əhaliyə qarşı törətdiyi amansızlıqlardan danışıblar. Erməni millətçilərinin tərəfindən törədilən qırğınların gizlədilməsi məqsədilə xaricdəki erməni diasporunun üzvlərinin yaşadıqları ölkələrdə media nümayəndələrinə təhdid etdikləri və onlara təzyiq göstərdikləri qeyd olunub. Vurğulanıb ki, bütün maneələrə baxmayaraq, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində beynəlxalq ictimaiyyət, o cümlədən bir çox ölkələrin parlamentləri Xocalı faciəsini soyqırımı kimi tanıyıb.
Erməni millətçiləri Azərbaycan reallıqlarını gizlətməyə çalışsalar da, onların mülki əhalini amansızlıqla qətlə yetirməsi faktı Azərbaycan diplomatları və diasporunun üzvlər tərəfindən də beynəlxalq ictimaiyyətə çatdırılır.
Tədbirdə Azərbaycanın 44 günlük Vətən müharibədəki Zəfərindən də söz açılıb. Bildirilib ki, Prezident İlham Əliyev fevralın 26-da xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında Azərbaycanın mövqeyini bir daha diqqətə çatdırıb.
Sonra iştirakçılar Xocalı qətliamına həsr edilmiş fotosərgi ilə tanış olublar. Mədəniyyət Mərkəzində Xocalı qurbanlarının xatirəsinə yaradılmış guşədə soyqırımını əks etdirən kitablar, broşürlər və DVD-lər tədbir iştirakçılarına paylanılıb.
Anım tədbirində fransız jurnalistlər də iştirak ediblər.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Xocalı faciəsi 2021-02-26 18:02:00

Video