×
A
A
A
Sazlamalar

İtaliyada Xocalı soyqırımının ildönümü ilə əlaqədar videoformatda tədbir keçirilib

Roma, 26 fevral, AZƏRTAC

Azərbaycanın İtaliyadakı səfirliyi və İtaliyada Azərbaycan İcması Assosiasiyasının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar videoformatda “Bəşəriyyətin yaddaşına yazılan bir tarix” mövzusunda konfrans və “Simurq quşu - Xocalının qanadları altında” adlı konsert-rekviyemdən ibarət tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının İtaliyadakı səfirliyinin rəsmi “Facebook” sosial şəbəkə profili üzərindən canlı yayımlanıb.
AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə, İtaliya Parlamentində İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri senator Stefano Luçidi, İtaliyanın tanınmış tarixçi alimi, professor Franko Kardini, Venesiya Ka Foskari Universitetində müasir Azərbaycan tarixi üzrə tədqiqatçı, professor Karlo Frappi və Sandro Teti Nəşriyyat Evinin rəhbəri, naşir, politoloq Sandro Teti iştirak ediblər. Konfransa İtaliyadakı Azərbaycan İcması Assosiasiyasının sədri Turan Sadiqi moderatorluq edib.
Konfransın əvvəlində Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Səfir Məmməd Əhmədzadə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü kontekstində Xocalı soyqırımı, onun ağır nəticələri barədə danışıb. Xocalı soyqırımının günahkarlarının bu günədək davam edən cəzasızlığı səbəbindən Vətən müharibəsi dövründə də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın döyüş meydanından uzaqda yerləşən Gəncə, Bərdə, Tərtər şəhərlərinə və digər yaşayış məntəqələrinə hücumları zamanı mülki əhali arasında daha çox tələfata səbəb olmaq üçün kasetli bomba və raket sistemləri kimi ölümcül silahlardan istifadə etdiyini bildirib.
Diplomat qeyd edib ki, Azərbaycan torpaqlarının işğaldan azad olunması regionda sülh, dialoq və əməkdaşlıq imkanlarına yol açır. Lakin mülki əhaliyə qarşı cinayət törədənlərin hələ də cəzasız qalması Ermənistanla Azərbaycan arasında davamlı sülh və barışığın əldə edilməsi prosesinə mane olur. Buna görə də münaqişə zamanı beynəlxalq humanitar hüququn və insan hüquqlarının ciddi şəkildə pozulması ilə bağlı həqiqətlərin ortaya çıxarılması, zərərçəkmiş şəxslərə müvafiq təzminatın ödənilməsi, bu cinayətlərin təkrarlanmaması üçün institusional tədbirlərin görülməsi kimi addımlar iki xalqın sülh içində birgəyaşayışının təmin edilməsi üçün zəruridir.
Səfir bunun üçün Xocalıda baş verənlər barədə beynəlxalq səviyyədə məlumatlandırma tədbirlərinin əhəmiyyətini bildirib, bu xüsusda “Xocalıya ədalət!” kampaniyası və onun nəticələri barədə məlumat verib.
Senator Stefano Luçidi Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin Azərbaycan və bütün regionun yeni mərhələyə qədəm qoymasına səbəb olduğunu bildirib, bu səbəbdən də bu il Xocalı faciəsinin əvvəlki illərdən fərqli şəkildə yad edildiyini bildirib. Xocalıda mülki əhaliyə qarşı törədilmiş cinayətlərin bir daha təkrarlanmaması üçün beynəlxalq ictimaiyyətin bütün lazımi tədbirlər görməsinin vacibliyini vurğulayıb. Çoxsaylı beynəlxalq təşkilatların istər Xocalı soyqırımı, istərsə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrindən danışan senator İtaliya parlamentində dəfələrlə bu mövzularda bəyanatla çıxış etdiyini bildirib və Xocalı soyqırımının 29-cu ildönümü günlərində Azərbaycan xalqı ilə həmrəyliyini ifadə edib.
Professor Franko Kardini Qafqaz bölgəsinin tarixinə nəzərə salaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Xocalı qətliamının baş verməsi ətrafında gedən geosiyasi prosesləri təhlil edib, bu kimi qətliamlarla bağlı maarifləndirmə və məlumatlandırmanın vacibliyini bildirib.
Professor Karlo Frappi isə Xocalı qətliamının qısa və uzunmüddətli təsirlərindən danışıb, 29 il əvvəlki hadisələri xatırlamağın bu gün baş verənlərin dərk edilməsi üçün əhəmiyyətindən bəhs edib. O qeyd edib ki, Xocalı faciəsi törədilən an baş verənlər beynəlxalq ictimaiyyətin diqqətsizliyi və məlumatsızlığı ilə qarşılaşsa da əslində bu hadisə erməni xalqı haqqında dünyada o vaxta qədər mövcud olmuş fikirlərin dəyişməsinə səbəb olmuş, eləcə də istər Azərbaycanın, istərsə də münaqişənin tarixi üçün bir dönüş nöqtəsi olmuşdur.
Sandro Teti isə rəhbərlik etdiyi nəşriyyat evi tərəfindən Əmir Qut və Arye Qutun müəllifi olduqları Xocalı faciəsindən bəhs edən “Ağrı” kitabı da daxil olmaqla, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, eləcə də ümumilikdə Azərbaycan haqqında çoxsaylı kitabların nəşr edilməsinddən danışıb. O, son illər ərzində Azərbaycan həqiqətləri haqqında həm İtaliyada, həm də ümumilikdə bütün dünyada daha geniş məlumatların çatdırılması istiqamətində aparılan işlərdən bəhs edib. Müstəqilliyinin ilk illərində Ermənistanın işğalı və bir milyondan çox qaçqın və məcburi köçkün problemləri kimi ağır şəraitlə üzləşməsinə baxmayaraq, Azərbaycanın bölgənin lider ölkəsinə çevrildiyini və İtaliyanın strateji tərəfdaşı olduğunu deyib.
Konfransda Xocalı soyqırımı, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və dinc azərbaycanlılara qarşı törədilmiş cinayətlər ilə bağlı video və fotomateriallar, xəritə və plakatlar nümayiş olunub.
Tədbir İtaliyanın “I Bricconcello” kamera ansamblının üzvləri, tanınmış musiqiçilər - violonçel ifaçısı Pierluici Ruccero və pianoçu Luçiano Di Candomeniconun ifasında Xocalı qurbanlarının xatirəsinə həsr edilən Azərbaycan, italyan və dünya musiqi irsindən olan təsirli musiqi nömrələrindən, o cümlədən “Sarı gəlin”, Kəmalə Əli-zadənin “Xocalı üçün vokalist” və Sevda İbrahimovanın əsərlərindən ibarət konsert-rekviyem ilə davam edib.

 

Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Xocalı faciəsi 2021-02-26 16:57:00