×
A
A
A
Sazlamalar

Elnur Eltürk: Müzəffər ordumuz Xocalı soyqırımının intiqamını aldı

Bakı, 26 fevral, AZƏRTAC

Xocalı soyqırımı erməni vandalizminin bariz sübutudur. Xocalı soyqırımı həm də Ermənistanın beynəlxalq hüququ və insan haqlarını heçə saydığını, ayaqlar altına atdığını göstərdi. Ermənistan dövlət olaraq soyqırımı prosesində iştirak etdi.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk söyləyib. O deyib: “Dünyanın gözü qarşısında azərbaycanlılara qarşı dəhşətli soyqırımı törədildi. Təəssüf ki, bəzi dövlətlər Xocalı soyqırımına hüquqi qiymət verməyə çəkinirlər. Son yüz ildə erməni millətçiləri türk millətinə qarşı xain planın içərisində fəal iştirak ediblər. XIX əsrin sonları və XX əsrin əvvəllərində erməni daşnakları Anadoluda və Azərbaycanda dinc əhaliyə qarşı soyqırımı siyasətinin əsas aktorları, iyrənc siyasətin icraçıları olublar. Xocalı soyqırımı həmin siyasətin davamıdır. Həmin dövrdə erməni daşnakları uşaq, qadın və yaşlı demədən hamısını qətlə yetirirdilər, eynən Xocalıda da həmin siyasəti həyata keçirdilər. Xocalı soyqırımının əsas icraçılarından biri, Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın britaniyalı ekspert Tomas De Vaala verdiyi müsahibədə bu qətliamı bilərəkdən həyata keçirdiklərini etiraf etməsi faktı Ermənistanın cinayətkar rəhbərliyinin beynəlxalq məsuliyyətə cəlb olunmasına presedent yaradır. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbə ilə Xocalı soyqırımının intiqamı alındı”.
Elnur Eltürk Xocalı soyqırımı ilə bağlı “Vikipediya”da görülən işlərdən də söz açıb. Bildirib ki, Azərbaycan “Vikipediya” icmasının fəalları bu günə qədər Xocalı soyqırımına aid məqalələrin zənginləşdirilməsini və əsaslı redaktəsini gerçəkləşdiriblər. “Viki” fəalları məlumatları etibarlı istinadlarla zənginləşdiriblər. Xocalıda şəhid olan Milli qəhrəmanlarımız haqqında məlumat bazası genişləndirilib. Xocalı soyqırımının tanınması məqaləsi “Vikipediya”nın Azərbaycan və xarici dil bölmələrində sənədlər əsasında əksini tapıb. Xüsusən son illər xarici ölkələrdə Xocalı soyqırımı qurbanlarının xatirəsini yaşatmaq üçün inşa edilən abidələr haqqında “Vikipediya”nın Azərbaycan və xarici dil bölmələrində məqalələr yaradılıb. Həmin məqalələr xarici oxuculara Xocalı soyqırımı haqqında dəqiq və ətraflı, həmçinin faciənin acı nəticələri barədə məlumat verir”, - deyə E.Eltürk qeyd edib.

Elm və təhsil 2021-02-26 16:17:00