×
A
A
A
Sazlamalar

Şəhər və rayon təhsil müəssisələri Xocalı qurbanlarının xatirəsini yad ediblər

Bakı, 26 fevral, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 95 nömrəli tam orta məktəbin təşəbbüsü ilə Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş onlayn tədbir keçirilib.
Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan 95 nömrəli tam orta məktəbin direktoru Elçin Abdullayev Xocalı hadisələrinin tarixi barədə ətraflı məlumat verib. Bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri sovet dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini zəbt edib, azərbaycanlı əhaliyə qarşı soyqırımı törədiblər. Düşmənin əsas məqsədi Azərbaycan xalqını sarsıtmaq, ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək olsa da, bu ağır faciə xalqımızı daha da gücləndirdi, müqəddəs Vətəni qorumaq naminə daha da mətinləşdirdi. Qəhrəman oğul və qızlarımız 44 günlük Vətən müharibəsi ilə erməni terrorçularının layiqli cavabını veriblər.
Çıxış edənlər 29 il əvvəl erməni terrorçularının Xocalıda törətdikləri vəhşiliklərdən danışıb, XX əsrin Azərbaycan xalqının həyatına, tarixinə qəhrəmanlıq salnamələri ilə yanaşı, həmçinin qanlı fəlakət və faciələrlə yazıldığını vurğulayıblar.
Tədbirdə Xocalı faciəsi haqqında videoçarxlar nümayiş olunub.
Daha sonra şagirdlər Xocalı soyqırımının ağrılarını, düşmənə qarşı nifrət hisslərini vətənpərvərlik ruhunda səsləndirdikləri şeirlərdə, ədəbi-bədii kompozisiyalarda ifadə ediblər.
Onlayn tədbirdə Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Bakı şəhəri Xətai rayonunun İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Xocalı Rayon Təhsil Şöbəsinin müdiri Şakir Əliyev, Elm üzrə Prezident mükafatçısı Elnur Həsənov, Gəncə şəhəri 17 nömrəli tam orta məktəbin direktoru Nərgiz Həsənova, Xocalı rayon Kosalar kənd tam orta məktəbin direktoru Rafiq Quliyev, BŞTİ-nin nümayəndəsi Reyhan Ağayeva, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.

Elm və təhsil 2021-02-26 14:57:00