×
A
A
A
Sazlamalar

BERNAMA agentliyi: Xocalı qurbanları ədalət gözləyir

Kuala Lumpur, 26 fevral, AZƏRTAC

Malayziyanın ən böyük xəbər istehsalçısı olan BERNAMA Dövlət İnformasiya Agentliyi Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar geniş məqalə dərc edib.
AZƏRTAC xəbər verir ki, məqalədə Xocalıda törədilmiş qanlı qətliamın tarixi barədə ətraflı danışılıb, bu faciənin ictimai və siyasi cəhətləri təhlil edilib.
Yazıda vurğulanıb ki, bu dəhşətli hadisə birbaşa Ermənistanın Azərbaycan torpaqlarına qarşı keçirdiyi işğalçı siyasətin nəticəsidir. Xocalı soyqırımının 1988-ci ildən etibarən qonşu Ermənistan tərəfindən Azərbaycana qarşı irəli sürülən torpaq iddialarının və daha sonra şiddətli zorakılıq mərhələsinə keçən cinayətin tərkib hissəsi olduğu nəzərə çatdırılıb.
Bu qanlı hadisənin hələ 1994-cü ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisdə soyqırımı statusu aldığı və həmin tarixdən etibarən 26 fevral tarixinin hər il Xocalı soyqırımı Günü kimi qeyd olunduğu bildirilib.
Həmçinin məqalədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya Ədalət!” kampaniyasından bəhs edilib, bu kampaniya çərçivəsində görülən işlərin dünya ictimaiyyətinin faciə haqqında maariflənməsində xüsusi rol oynadığı ifadə olunub. Bildirilib ki, artıq bir çox ölkənin qanunverici orqanları Xocalı qətliamını tanıyaraq onun anımı ilə əlaqədar hüquqi aktlar qəbul edib.
Bundan başqa, məqalədə Azərbaycanın Malayziyadakı səfiri, bu ölkədəki diplomatik korpusun duayeni Qaley Allahverdiyevin fikirlərinə də yer verilib. Azərbaycan səfiri Ermənistan ilə Azərbaycan arasında etibarlı qonşuluğun təsisi üçün Ermənistan cəmiyyətinin Xocalı soyqırımını törədən cinayətkarları ədalətə təslim etməli olduğunu vurğulayıb.
Məqalədə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində 2013-cü ildə qəbul edilmiş Qahirə Yekun Kommunikesinə və İƏT Xarici İşlər Nazirləri Şurasının ötən illər ərzində elan etdiyi qətnamələrə istinad edilib. Bu sənədlərdə Azərbaycanın işğal edilmiş ərazilərində azərbaycanlılara qarşı törədilmiş zorakılıqlar müharibə cinayəti, insanlığa qarşı cinayət və soyqırımı kimi qiymətləndirilib.
Məqalədə, həmçinin bir neçə gün əvvəl Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Səbinə Əliyeva tərəfindən beynəlxalq ictimaiyyətə ünvanlanmış bəyanata da yer verilib.


Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala Lumpur

Xocalı faciəsi 2021-02-26 14:22:00