×
A
A
A
Sazlamalar

Avstriyanın Zalsburq şəhərində Azərbaycan icmasının fəalları ilə görüş keçirilib

Vyana, 19 fevral, AZƏRTAC

Fevralın 19-da Avstriyanın Zalsburq şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evində Azərbaycan icmasının fəal üzvləri ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə Xocalı soyqırımına siyasi və hüquqi qiymətin verilməsi, Azərbaycan tarixinin şanlı səhifəsi olan 44 günlük Vətən müharibəsində Ordumuzun rəşadəti, müharibədən sonra yaranmış yeni vəziyyət, Azərbaycan diasporunun yeni reallıqlardan çıxış edərək ölkəmiz haqqında həqiqətlərin ölkə ictimaiyyətinə çatdırılmasında görə biləcəyi işlər barədə danışılıb. Azərbaycanın Avstriyadakı səfirliyinin əməkdaşları icma üzvlərini maraqlandıran sualları cavablandırıblar.
Avstriya Azərbaycanlıları Cəmiyyətinin rəhbərliyi və üzvləri yaxın gələcəkdə Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar hazırlanan layihələr, eləcə də yerli ictimaiyyəti Azərbaycan haqqında məlumatlandırılması istiqamətində nəzərdə tutulan işlər barəsində danışıblar. Eyni zamanda, Azərbaycan Mədəniyyət Evinin fəaliyyəti və pandemiyadan sonrakı dövrdə görüləcək işlər barədə fikir mübadiləsi aparılıb, bu mədəniyyət mərkəzinin həm Azərbaycan icmasının bir araya gəlməsi, həm də ölkəmizin tanıdılması məqsədilə tədbirlərin keçirilməsi üçün uğurlu məkan kimi səciyyələndirilib.
Sonda Zalsburqdakı Azərbaycan icmasının fəal üzvlərinə təşəkkürnamə və “Xarı bülbül” təsviri olan döş nişanları təqdim olunub.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana 

Diaspor 2021-02-19 23:35:00