×
A
A
A
Sazlamalar

Milli Prioritetlər Azərbaycanın yeni inkişaf mərhələsinə yüksəldilməsi ilə bağlı çox mühüm konsepsiyadır

Bakı, 12 fevral, AZƏRTAC

Prezident İlham Əliyevin bu günlərdə təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” proqramı növbəti 10 il ərzində ölkəmizin qarşısında həlli vacib olan istiqamətləri özündə əks etdirir. Azərbaycanın yeni inkişaf mərhələsinə yüksəldilməsi ilə bağlı çox mühüm yol xəritəsi olan yeni Milli Prioritetlər daha qüdrətli dövlətin və yüksək rifah cəmiyyətinin qurulmasına hədəflənib. Milli Prioritetlər mühüm dövlət konsepsiyasıdır, burada nəzərdə tutulan tədbirlər geniş və çoxşaxəlidir. Bu proqramda əksini tapan milli maraqlar və strateji planlamanın vəhdəti ölkəmizin gələcək inkişafına mühüm töhfələr verməklə yanaşı, regionun yeni siyasi-iqtisadi reallığını da təmin edəcək.
Bu fikirləri AZƏRTAC-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
Çingiz Qənizadə bildirib ki, Milli Prioritetlər yeni dövrün reallıqlarına uyğun prioritetlərin və onların icrası mexanizminin müəyyənləşdirilməsinə, dövlətin, cəmiyyətin və fərdlərin inkişafına xidmət edəcək. Aparılacaq iqtisadi islahatlar vətəndaşlarımızın rifahının daha da yaxşılaşdırılmasını təmin edəcək. Milli Prioritetlər, eyni zamanda, BMT-nin “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyi”ndən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyətə malikdir.
Ölkəmizin həyatında yeni dövr - quruculuq, bərpa dövrü başlayıb. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa işləri sistemli şəkildə həyata keçirilir. Yeni sənəddə bu məqamlar da öz əksini tapıb. Ermənistan üzərində qazandığımız tarixi Zəfər nəticəsində işğaldan azad edilmiş ərazilərin malik olduğu potensialın ölkəmizin ümumi iqtisadiyyatına yönəldilməsi dayanıqlı inkişafa böyük təkan verəcək. Bu çərçivədə bölgədə təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Azərbaycanın region iqtisadiyyatının ümumi mənzərəsinin müəyyənləşdirilməsində rolunu daha da gücləndirəcək. Vətən müharibəsindən sonra regionda tamamilə yeni iqtisadi imkanlar yaranıb, tam fərqli təhlükəsizlik konfiqurasiyası mövcuddur. Azərbaycanın əldə etdiyi Qələbə, nəticə etibarilə, həm də Cənubi Qafqazın tarixində yeni bir dövrün başlaması üçün mühüm imkanlar formalaşdırıb. Təbii ki, yaranmış yeni situasiya həm də qarşıya yeni vəzifələr qoyur. Təsdiq olunmuş sənəd bu vəzifələrin müvəffəqiyyətlə həyata keçirilməsinə imkan yaradacaq.
Milli Prioritetlərin ən mühüm hədəflərindən biri də Böyük Qayıdışa uyğun proqramların hazırlanması və icrasıdır. Bu hədəf üzrə işlər tamamilə yeni reallıqlar əsasında Azərbaycanın inkişafında yeni bir mərhələnin başlanması deməkdir. Otuz ilə yaxın müddətdə işğal altında qalmış ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, eyni zamanda, beynəlxalq və regional əhəmiyyətli nəqliyyat-logistika dəhlizlərinin fəaliyyətə başlaması həm Azərbaycan iqtisadiyyatına əlavə güc qatacaq, həm də bölgədə qarşılıqlı faydalı əməkdaşlıq mühitinin formalaşmasını şərtləndirəcək. Azərbaycan dövlətinin əsas hədəflərindən biri də işğaldan azad olunmuş ərazilərimizdə əhalinin məskunlaşma səviyyəsini işğala qədərki səviyyəyə çatdırmaqdır. Buna nail olmaq üçün bütün imkanlar, o cümlədən iqtisadi potensial və insan resursları mövcuddur. Ən əsas amil isə odur ki, keçmiş məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmağı səbirsizliklə gözləyirlər. Azərbaycan xalqı, dövləti üçün bu torpaqlara qayıdış həm siyasi, həm mənəvi-psixoloji, həm də iqtisadi baxımdan böyük əhəmiyyət kəsb edir.
Ç.Qənizadə vurğulayıb ki, Milli Prioritetlərin reallaşdırılması ölkəmizdə yüksək sosial rifah cəmiyyətinin formalaşmasını təmin edəcək. Prezident İlham Əliyevin həyata keçirdiyi bütün layihə və proqramlar kimi, sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər də Azərbaycan xalqının rifah səviyyəsinin yüksəldilməsinə və dövlətimizin iqtisadi-siyasi qüdrətinin artmasına dəqiq hesablanıb. Milli maraqlar, yeni reallıq və müasir dövr milli iqtisadiyyatımız üçün yeni strateji vəzifələri diktə edir. Ölkəmizin uzunmüddətli davamlı və sürətli inkişafı üçün cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsi möhkəmləndiriləcək. Beləliklə də, müharibə və pandemiya dövrünün ağır sınaqlarından çıxmış milli birliyimiz növbəti illərdə də özünün əyani təzahürlərini tapacaq.
Sənəddə müəyyən olunmuş prioritetlərin iqtisadi münasibətlər sisteminin dayaqlarının gücləndirilməsinə stimul verəcəyini vurğulayan hüquq müdafiəçisi bunun əhalinin sosial rifahının daha da yaxşılaşmasına imkan yaradacağını qeyd edib. O əlavə edib ki, Milli Prioritetlərin əsas məqsədi və hədəfləri məhz dövlətin qüdrətli olması və yüksək rifah cəmiyyətinin formalaşmasıdır. Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərin müəyyənləşdirilməsi bu sahədə növbəti illərdə daha yüksək iqtisadi göstəricilərin əldə olunmasına zəmin yaradır. Milli Prioritetlər növbəti onillikdə iqtisadi artımın davamlı olmasını, milli iqtisadiyyatın daha da şaxələndirilməsini, mallar və xidmətlər üzrə ixrac potensialının tam reallaşdırılmasını təmin etmək baxımından yeni imkanlar yaradır. Bundan başqa, Milli Prioritetlər regionların sosial-iqtisadi inkişafını təmin etməklə, qeyri-neft sektorunu daha da möhkəmləndirməklə, iqtisadiyyatın neftdən asılılığını azaltmaqla əyalətlərdə sahibkarlıq fəaliyyətini nəzərəçarpacaq dərəcədə genişləndirəcək.
Ç.Qənizadə bildirib ki, bu gün Azərbaycan dövləti tərəfindən əhalinin rifahının daha da yaxşılaşdırılması istiqamətində davamlı olaraq məqsədyönlü və yüksək səmərəliliyə malik addımlar atılır. Son illər ərzində əldə olunmuş sosial-iqtisadi və siyasi nailiyyətlər bundan sonra Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, sahib olduğumuz potensial və imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir.
Milli Prioritetlərin sosial-iqtisadi, ictimai-siyasi xarakter daşıması ilə yanaşı, mədəni-mənəvi, psixoloji mahiyyət də kəsb etdiyini vurğulayan hüquq müdafiəçisi bu prioritetlərin reallaşmasının həm də milli birliyimizin daha bir təntənəsi olacağını qeyd edib.

Daxili siyasət 2021-02-12 13:36:00