×
A
A
A
Sazlamalar

Azərbaycan-İtaliya strateji tərəfdaşlığı daha da möhkəmlənir

Bakı, 6 fevral, AZƏRTAC

Müstəqil xarici siyasət yürüdərək beynəlxalq münasibətlər sisteminin və dünya birliyinin etibarlı tərəfdaşı statusunu qazanan Azərbaycan dünyanın müxtəlif qütblərində yerləşən çoxsaylı dövlətlərlə müxtəlif səpkili əlaqələr qurur. Rəsmi Bakı diplomatik əlaqələrdən tutmuş siyasi, iqtisadi-ticari, humanitar-mədəni münasibətlər kontekstində müxtəlif dövlətlərlə əməkdaşlıq edir. Lakin dostluq münasibətlərindən bəhs etdiyimiz zaman bir neçə ilkin və əsas dövlət yada düşür ki, onlardan da biri məhz İtaliyadır. İtaliya Azərbaycanın müstəqilliyini 1 yanvar 1992-ci ildə tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr isə 1992-ci il may ayının 8-də qurulub. Ötən bu illər ərzində İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşına çevrilib.
Bunu AZƏRTAC-a politoloq Şəbnəm Həsənova bildirib.
Politoloq deyib ki, “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamə 2014-cü ilin iyulunda imzalanıb, dekabrında isə Prezident İlham Əliyev tərəfindən təsdiqlənib. Bu Bəyannamə vasitəsilə tərəflər uzunmüddətli əməkdaşlıqlarını möhkəmləndirmək və qarşılıqlı fayda naminə əlaqələrini yeni sahələrdə genişləndirərək, onlara keyfiyyətcə yeni xarakter vermək arzusundan çıxış etmiş, siyasi, iqtisadi-ticari, müdafiə və təhlükəsizlik, elm, təhsil, mədəniyyət sahəsində əməkdaşlığı nəzərdə tutmuşlar.
İndiki mərhələdə isə qarşıda duran əsan məsələ Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, müharibədən dərhal sonra vaxt itirmədən bərpa-quruculuq işlərinin reallaşdırılmasıdır. Belə ki, genişmiqyaslı quruculuq işlərinə, ilkin infrastruktur layihələrinə artıq start verilib. Prezident İlham Əliyev Azərbaycanın dost ölkələrlə olan münasibətlərini və əməkdaşlığını yüksələn inkişaf xətti üzrə davam etdirir. İşlərə Azərbaycan şirkətləri ilə yanaşı, xarici investorlar da cəlb edilir. Bu istiqamətdə də Azərbaycan üçün dost hesab olunan ölkələrin şirkətləri artıq dəvət edilib. Müharibədən sonra Azərbaycana ilk səfər edən Avropa nümayəndə heyəti İtaliya Deputatlar Palatasının sədr müavininin başçılıq etdiyi nümayəndə heyəti oldu ki, quruculuq işlərinə İtaliyanın simasında dost ölkələrin şirkətləri də qoşulacaq və bununla bağlı İtaliya tərəfinə artıq təkliflər də verilib. Azərbaycanın əsl dostları kimlər və hansı ölkələrdir müharibə göstərdi. İtaliya nümayəndə heyətinin Azərbaycana səfəri bir daha onu göstərdi ki, İtaliya doğrudan da Azərbaycanın əsl dostudur. Eyni zamanda, nümayəndə heyətinin həm Gəncəyə, həm Ağdama səfər etməsi və Ermənistanın törətdiyi hərbi cinayətlərini, bu dövlətin ölkəmizə qarşı terror siyasətini həyata keçirdiyini öz gözləri ilə görmələrinə imkan yaratdı.
Prezident İlham Əliyev fevralın 3-də İtaliyanın “Maire Tecnimont Group” şirkətinin sədri Fabrizio Di Amatonun başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən şirkətin sədri Fabrizio Di Amato Azərbaycanla əlaqələri genişləndirmək və sənayenin inkişafına geniş töhfə verməkdə istəklərini dilə gətirdi. Pandemiyaya və ölkədə keçən il 4,3 faizlik iqtisadi azalmaya baxmayaraq, Azərbaycanın qeyri-enerji sənayesində qeydə alınan 12,5 faiz artımın sənayeləşmə proqramının əyani göstəricisidir ki, İtaliya şirkətləri bu sahədə Azərbaycana layiqli töhfələr verib. 2018-ci il iyulun 18-də Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa edilən polipropilen zavodunun açılışında ölkəmizdə rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarella şəxsən iştirak etməsi bu kimi proqramların uğurla icra olunmasında hər iki tərəfin nə qədər maraqlı və istəkli olmasından xəbər verir.
Digər bir məsələ sənaye zəncirinin yerli məzmunu ilə bağlıdır. Belə ki, şirkətin sədri Fabrizio Di Amato bildirdi ki, təchizat zəncirində getdikcə daha çox Azərbaycan şirkətləri ilə əməkdaşlıq edirlər. Sonuncu layihədə şirkətin Azərbaycanda sərmayə baxımından iştirakı 400 milyon avrodan artıq olmuşdur. Şirkət bundan sonra da əməkdaşlığı davam etdirmək və ölkəmizdə uzunmüddətli fəaliyyət sahəsini genişləndirmək arzusunda olduğunu bildirdi ki, bu da təsadüfən deyil. Bütün bu amillər məhz Prezident İlham Əliyevin şəxsinə göstərilən rəğbətin və hörmətin bariz nümunəsi olmaqla yanaşı, Azərbaycanın tərəfdaş çıxdığı bütün layihələrdə özünü etibarlı tərəfdaş kimi sübut etməsinə olan inamın və əminliyin ifadəsidir.
Hazırda Azərbaycanda şirkətin 200 nəfərə yaxın heyəti çalışır ki, ilk vaxtlarda heyətin tamamilə italyanlardan ibarət olduğu halda heyətdə tədricən yerli əməkdaşların sayının artırılması nəticəsində indi işçi qüvvəsinin 72 faizini azərbaycanlılar təşkil edir. Şirkətin ümumi yanaşmalarından biri olaraq heyət yerli universitet tələbələri və ümumiyyətlə gənclərlə əməkdaşlığa böyük önəm verir. İtaliya şirkətlərinin Azərbaycanda müxtəlif layihələrdə iştirakı onların texniki biliklərinin ölkəmizə ötürülməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.
İtaliya ilə Azərbaycan arasında olan münasibətlərin daha da dərinləşməsinə, iqtisadi-ticari əlaqələrin şaxələnməsinə real zəmin yaradan bir fakt da Prezident İlham Əliyevin Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə 2020-ci ilin fevralın 19-22 tarixlərində İtaliyaya olan dövlət səfəri idi. Səfər çərçivəsində İtaliya və Azərbaycan arasında 28 sənəd imzalandı ki, onlardan ən önəmlisi isə Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə idi. Sənədlə bağlı Prezident İlham Əliyev bildirmişdi ki, bəyannamə xüsusi əhəmiyyətə malikdir, çünki sənəd bir daha təsdiq etmişdi ki, Azərbaycan və İtaliya strateji tərəfdaşlardır. Ölkələrimiz arasında ticarət dövriyyəsi çoxşaxəlidir və daim genişlənir. 2019-cu il üzrə böyük hissəsi enerji resurslarına aid olan dövriyyəmiz 6 milyard dollara çatmışdır. Eyni zamanda, 2019-cu il üzrə Cənubi Qafqaz ölkələri arasında İtaliyanın ticarət dövriyyəsinin 92 faizi məhz Azərbaycanın payına düşmüşdür. Bundan sonrakı mərhələdə qeyri-neft sektorunun da inkişafı nəzərdədir.
2020-ci ilin 31 dekabrında TAP layihəsi vasitəsilə Azərbaycan təbii qazının İtaliya bazarına daxil olması münasibətlərimizə təkan verməklə yanaşı, yeni bir impuls qazandırmış oldu. Bu fakt İtaliya ilə Azərbaycan arasında əlaqələrin daha da inkişafına, həmçinin Xəzər dənizi və Aralıq dənizi regionlarında sabitliyin qorunmasına yardımçı oldu.
Parlamentlərarası əlaqələr İtaliya-Azərbaycan əməkdaşlığında çox mühüm əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan və İtaliya parlamentləri beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edirlər. Bununla yanaşı, İtaliya Azərbaycanla Avropa İttifaqı arasında da əlaqələrə stimul olmaq üçün hər zaman dəstək olmağa hazır olduğunu bildirmişdir. İtaliya Azərbaycanı, həmçinin avratlantik tərəfdaşlıq üzrə də ən əsas tərəfdaş kimi görür. Əfqanıstanda terrorizmə qarşı mübarizədə iki ölkə arasında əməkdaşlıq çox yüksək səviyyədədir.
İki ölkə qarşısında duran növbəti məsələ Bakıda İtaliya-Azərbaycan Universitetinin təsis edilməsi ilə bağlıdır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, artıq universitetin yaradılması ilə bağlı məsələ üzərində işlər başlayıb. Bu məsələ, həmçinin hökumət səviyyəsində razılaşdırılıb. Universitetin yaradılması İtaliya-Azərbaycan dostluğunun müsbət göstəricisidir. Bununla yanaşı, mövcud fakt sənaye müəssisələrini idarə edə biləcək gənc ixtisaslı azərbaycanlıların hazırlanması və təlim keçməsi baxımından da vacibdir.
Daha bir mühüm fakt ondan ibarətdir ki, 2020-ci ilin İtaliyada “Azərbaycan ili” elan olundu ki, bunun özü də əlaqələri, dostluğu və əməkdaşlığı artırmağa kömək etdi və iki ölkə arasında münasibətləri daha da intensivləşdirdi. İtaliya ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına hər zaman dəstək verib. Vətən müharibəsi dövründə də İtaliya Azərbaycanla həmrəy olduğunu göstərib və İtaliya mediası məsələyə obyektiv yanaşıb. Bu, həm dövlətlər, həm də xalqlar arasında dostluğun və səmimiyyətin bir işarəsidir.

Daxili siyasət 2021-02-06 15:06:00