×
A
A
A
Sazlamalar

Azərbaycan-İtaliya strateji tərəfdaşlığı möhkəm təməllər üzərində qurulub

Bakı, 5 fevral, AZƏRTAC
Azərbaycan–İtaliya ikitərəfli münasibətlərinin əsası İtaliyanın Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvarında tanıması, 1992-ci ilin mayında iki ölkə arasında diplomatik əlaqələrin yaradılması ilə başlanılıb. İtaliya hökuməti Cənubi Qafqaz ölkələri arasında ilk dəfə Azərbaycanda öz səfirliyini 1997-ci ilin mart ayında təsis edib, 2003-cü ilin dekabr ayında isə Azərbaycanın İtaliyada səfirliyi fəaliyyətə başlayıb.
Ulu öndər Heydər Əliyevin 1997-ci il sentyabrın 25-28-də İtaliyaya rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin inkişafına xüsusi təkan verib. Sonrakı dövrlərdə İtaliyanın rəsmi şəxsləri Azərbaycana, ölkəmizin rəsmi şəxsləri isə İtaliyaya çoxsaylı səfərlər ediblər. Bu səfərlər çərçivəsində iki ölkə arasında ikitərəfli əlaqələrin tənzimlənməsinə, əməkdaşlığın inkişaf etdirilməsinə dair sənədlər imzalanıb.
AMEA Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov AZƏRTAC-a açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın İtaliyaya dəfələrlə reallaşan səfərləri də iki ölkə arasında əməkdaşlığı daha da möhkəmlədib. Xüsusilə, iki ölkənin enerji sahəsində əməkdaşlığında mühüm uğurlar əldə edilib. Belə ki, 1995-ci il noyabrın 10-da SOCAR və İtaliyanın ENİ/Agip şirkətinin də daxil olduğu beynəlxalq konsorsium arasında Xəzər dənizinin Azərbaycan sektorundakı Qarabağ perspektiv strukturunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə, 1996-cı il iyunun 4-də Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” perspektiv strukturunun kəşfiyyatı, işlənilməsi və hasilatın pay bölgüsünə, 1998-ci il iyunun 2-də isə Xəzər dənizinin Azərbaycan sektorundakı “Kürdaşı” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair sazişlər imzalanıb.
İtaliyanın ENİ/Agip şirkəti 2002-ci ilin sentyabr ayında Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsinə dair sazişi imzalayaraq 5 faiz payla layihə üzrə sponsorlar qrupunun üzvünə çevrilib.
E.Bağırovun sözlərinə görə, bütün bu mühüm iqtisadi hadisələr Azərbaycan-İtaliya arasında ikitərəfli əməkdaşlığı getdikcə möhkəmlətməklə yanaşı, bu dövlətlərin çətin, ağır məqamlarda bir-birinin haqq işini müdafiə etməsini də şərtləndirib.
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 3-də İtaliyanın “Maire Tecnimont Group” şirkətinin sədri Fabrizio Di Amatonun başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən bu barədə ətraflı danışıb. Dövlətimizin başçısı deyib: “İtaliya və Azərbaycan arasında münasibətlərin uğurla inkişaf etdiyini qeyd etmək istəyirəm. Bir il bundan əvvəl mənim ölkənizə dövlət səfərim bunu bir daha göstərdi və mən bizim rəhbər şəxslərlə, biznes icması ilə görüşlərimizi və müzakirələrimizi xatırlayıram. Biz həmişə sözümüzü tuturuq və razılaşdırdıqlarımızın hamısını icra edirik. Həmçinin keçən il tariximizdə yaşanan çətin vaxtlarda biz italyan xalqının bizimlə həmrəy olduğunun şahidi olduq. Biz İtaliya mediasının bu məsələyə obyektiv yanaşmasının şahidi olduq və onu da gördük ki, imzaladığımız və vurğuladığımız məsələləri reallığa çevirdik. Çünki İtaliya və Azərbaycan strateji tərəfdaşlardır. Strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb və reallıq da bizim strateji tərəfdaş olduğumuzu göstərir”.
Ölkə rəhbərinin vurğuladığı kimi, dar gündə yaxşı dost kimi tanınan İtaliyanın bir neçə şirkəti Qarabağın bərpa-tikinti işlərinə cəlb olunub. Onların sayının gələcəkdə daha da artacağı gözlənilir. Artıq Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə elektroenergetika infrastrukturunun yaradılması məqsədilə “Azərenerji” ASC ilə İtaliyanın “Ansaldo Energia” şirkəti arasında qarşılıqlı əməkdaşlıq sahəsində təchizat müqaviləsi imzalanıb. Bununla da Qarabağda həyata keçiriləcək layihələrə Türkiyə şirkətlərindən sonra başqa bir nüfuzlu dövlət – İtaliya da qoşulub. Beləliklə, imzalanan müqaviləyə görə, Ağdam, Füzuli, Kəlbəcər və Qubadlı rayonlarında inşa olunacaq dörd 110 kV-luq yarımstansiyanın avadanlıqlarla təchizatını məhz “Ansaldo Energia” şirkəti həyata keçirəcək.
E.Bağırov sonda deyib ki, “Maire Tecnimont” yeni texnologiyaların tətbiqinə daim önəm verir. Bu baxımdan şirkət ölkəmizlə “yaşıl kimya”, “yaşıl enerji”, “yaşıl enerji zonası”, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyaları əsasında sıx əməkdaşlığı daha da möhkəmləndirmək istəyir. Bununla da “Maire Tecnimont” Azərbaycanın sosial-iqtisadi inkişafına müasir texnologiyalar sayəsində töhfələr verməkdə maraqlı olduğunu nümayiş etdirir.
Milan Fond Birjasında qeydə alınan “Maire Tecnimont” təbii ehtiyatların emalı üzrə qlobal sənayenin (texnoloji və icra təcrübəsinə malik daunstrim neft və qaz mühəndisliyi) lideri olan bir qrupa başçılıq edir. Şirkətin törəməsi olan “NextChem” enerji keçidinin dəstəklənməsi istiqamətində ekoloji təmiz kimyəvi maddələr və texnologiyalar sahəsində fəaliyyət göstərir. “Maire Tecnimont” qrupu özündə 45 ölkədə fəaliyyət göstərən 50 şirkəti birləşdirir. Qrupun 9100 əməkdaşı var.

Daxili siyasət 2021-02-05 14:40:00