×
A
A
A
Sazlamalar

Türk və azərbaycanlı qadın fəallar İsveçdə birgə humanitar layihələr həyata keçirir

Stokholm 4 fevral Rauf Əliyev, AZƏRTAC

Türk və azərbaycanlı qadın fəallar İsveçdə birgə humanitar layihələr həyata keçirir.
AZƏRTAC xəbər verir ki, İsveçin paytaxtı Stokholmda türk və azərbaycanlı qadınlar bir araya gələrək birgə həyata keçirdikləri humanitar layihələri müzakirə edib. Türkiyənin İsveçdəki səfirliyinin binasında baş tutan görüşdə səfir Hakkı Emre Yuntun həyat yoldaşı Figen Yunt birgə aparılan layihələrdən ətraflı danışıb.
Figen Yuntun sözlərinə görə, ilkin layihə çərçivəsində pandemiya ilə mübarizə aparan isveçli həkimlərə minnətdarlıq jesti olaraq səhər süfrəsi açılıb. Dünyada böhrana və çoxlu sayda insanın xəstələnib həyatını itirməsinə səbəb olan COVID-19 pandemiyasının digər ölkələrdə olduğu kimi İsveçdə də səhiyyə işçilərini böyük təzyiqdə saxlamasını nəzərə alaraq, türk və azərbaycanlı qadınlar ilkin olaraq səhiyyə işçilərinə mənəvi dəstək layihəsini həyata keçirib.
Gələcək layihələrə də toxunan Figen Yunt Stokholmda küçələrdə yaşayan evsiz insanlara yardım edilməsinin nəzərdə tutulduğunu qeyd edib. “Çöldə hava çox soyuqdur və dizə qədər qar var. Küçədə yaşayan evsiz insanlar üçün bir şey edə bilərikmi? Biz onlara yorğan, isti çay və yemək hazırlayıb verməyi düşündük”, - deyə Figen Yunt bildirib.
“Sosial məsuliyyət” layihələri çərçivəsində çox iş görülməsinin nəzərdə tutulduğunu vurğulayan Figen Yunt, pandemiya səbəbindən bu fəaliyyətin bir az ləngiməsinə baxmayaraq qarşıdakı müddətdə işləri sürətləndirəcəklərini əlavə edib.
Qeyd edək ki, görüşdə humanitar layihələr və cari diaspor fəaliyyəti məsələləri də müzakirə olunub.

Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm 

Diaspor 2021-02-04 09:13:00