×
A
A
A
Sazlamalar

Acarıstan portalında 20 Yanvar faciəsinə həsr olunmuş məqalə dərc edilib

Tbilisi, 27 yanvar, AZƏRTAC

Gürcüstanın Acarıstan Muxtar Respublikası ərazisində yayımlanan və geniş oxucu auditoriyasına malik “adjara.ps” portalı 20 Yanvar faciəsi barədə geniş material yayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Batumidəki baş konsulluğunun təşəbbüsü ilə dərc olunan məqalədə Qara Yanvar faciəsinin başvermə səbəbləri, nəticələri və xalqımızın müstəqillik mübarizəsi tarixindəki əhəmiyyəti barədə ətraflı danışılıb.
Bildirilib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə sovet ordusunun 26 min nəfərlik kontingenti Azərbaycanın Bakı, Sumqayıt və digər şəhərlərinə yeridilib. Bu hərbi müdaxilə nəticəsində 147 mülki şəxs qətlə yetirilib və 744 nəfər ağır xəsarətlər alıb. Bu hadisə müasir Azərbaycan tarixinə “Qara Yanvar” kimi daxil olub.
Qeyd edilib ki, bu faciəvi hadisələrdən əvvəl Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları, Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətindəki radikal ermənilərin aqressiv separatçılıq fəaliyyəti, SSRİ rəhbərliyinin bu fəaliyyətə dəstək verməsi, yüz minlərlə azərbaycanlının zor gücü ilə və qəddarcasına Ermənistandan deportasiya edilməsi ölkəmizdə sovet hökumətinə qarşı hərəkatın genişlənməsinə təkan vermişdi. Ümumxalq hərəkatının qarşısını almaq və Azərbaycan xalqının müstəqillik əzmini qırmaq məqsədilə ölkəyə yeridilən sovet ordusu beynəlxalq hüququn normalarını, keçmiş SSRİ və Azərbaycan SSR-in konstitusiyalarını kobudcasına pozaraq dinc əhaliyə qarşı görünməmiş qırğın törədib.
Materialda faciəyə siyasi qiymətin verilməsindən də bəhs olunur. Bildirilir ki, 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi nümayəndəliyində mətbuat konfransı keçirərək, bu vəhşiliyi kəskin şəkildə pisləyib, xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb edib.
Məhz Ulu Öndərin təşəbbüsü ilə Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilib, müzakirələrin yekunu olaraq 1994-cü ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edilib.
Lakin bu hadisələrdən 31 il keçməsinə baxmayaraq, BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlərin kobud şəkildə pozulduğu, öz mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən biri olan 1990-cı ilin 20 Yanvar hadisələrinə beynəlxalq siyasi-hüquqi qiymət verilməyib. Bu cinayətə görə keçmiş sovet rəhbərliyi bilavasitə məsuliyyət daşıyır. Beynəlxalq hüquqa əsasən, 20 Yanvar hadisəsi insanlıq əleyhinə cinayət kimi tövsif edilməli, onun sifarişçiləri və icraçıları cəzalandırılmalıdır.
Bu gün Azərbaycanın müstəqilliyi, habelə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin ruhu rahatlıq tapıb. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuz onilliklər ərzində düşmənin işğalı altında qalan ərazilərimizi azad edib, Azərbaycanın ərazi bütövlüyü bərpa edilib.
Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün möhkəmləndirilməsi və dövlətçiliyin təməlini təşkil edən bu ali prinsipləri şübhə altına qoyanların, eləcə də revanşizm fikirlərindən çıxış edənlərin layiqincə cavablandırılması bundan sonra da tərəfimizdən təmin ediləcək, Azərbaycan xalqına və dövlətinə qarşı müxtəlif cinayətlərə görə məsuliyyət daşıyanların qanun qarşısında cavab verməsi üçün bütün lazımi addımlar atılacaqdır.

 

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

20 yanvar 2021-01-27 05:07:00