×
A
A
A
Sazlamalar

FHN: Şabran Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşı yanan evə daxil olaraq iki azyaşlını xilas edib

Bakı, 25 yanvar, AZƏRTAC

Yanvarın 25-də saat 12:17 dəqiqədə Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – “qaynar” telefon xəttinə Şabran şəhərində fərdi evdə yanğın olması və içəridə azyaşlıların qalması barədə “Həyəcan” siqnalı daxil olub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri həmin ünvana cəlb olunub.
Hadisənin təsadüfi şahidlərindən olan və həmin vaxt xidmətdə olmayan (növbədən sonra istirahət vaxtı) Şabran Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşı çavuş Əhmədov Xəlil Cabir oğlu yanğın bölmələrinin gəlməsini gözləməyərək yanan evə daxil olub və ölüm təhlükəsi ilə üzləşən 2014-cü il təvəllüdlü Niyazova Təranə Zaur qızını müxtəlif yanıq xəsarətləri ilə və 2015-ci il təvəllüdlü Niyazov Araz Zaur oğlunu tüstüdən zəhərlənmiş halda təhlükəsiz əraziyə çıxarmağa müvəffəq olub. Xilas edilən azyaşlılar vətəndaşlar tərəfindən Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hadisə nəticəsində ümumi sahəsi 180 kvadratmetr olan ikimərtəbəli, dörd otaq və taxta konstruksiyalı iki aynabənddən ibarət evin 55 kvadratmetrlik hissəsi yanıb.
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə 2021-01-25 19:02:00