×
A
A
A
Sazlamalar

Baş Prokurorluq azərbaycanlı dənizçinin Nigeriya sahillərində öldürülməsi ilə bağlı məlumat yayıb

Bakı, 25 yanvar, AZƏRTAC 

Azərbaycan Respublikasının Baş Prokurorluğu Nigeriya sahillərində üzən, Türkiyənin “Boden Denizcilik” şirkətinə məxsus “Mozart” adlı gəmiyə yanvarın 23-də dəniz quldurları tərəfindən edilən hücumla bağlı məlumat yayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumatda bildirilib ki, ilkin araşdırma nəticəsində gəminin 19 nəfər heyət üzvündən 15-nin girov götürüldüyü, 1 nəfərin isə öldürüldüyü müəyyənləşdirilib. Öldürülən şəxsin Azərbaycan Respublikasının vətəndaşı, 1976-cı il təvəllüdlü, gəmidə 2-ci mühəndis vəzifəsində çalışan Fərman Əli oğlu İsmayılovun olduğu müəyyən edilib.
Faktla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və zəruri istintaq əməliyyat tədbirləri həyata keçirilir.
Hazırda Azərbaycanın Xarici İşlər Nazirliyi, habelə xarici ölkələrin aidiyyəti qurumları ilə intensiv danışıqlar aparılmaqla, həmin cinayət işi üzrə Türkiyə, Qabon və Liberiyanın səlahiyyətli orqanlarına hüquqi yardım haqqında sorğular hazırlanır.
Baş Prokurorluq tərəfindən təxirəsalınmadan Liberiyanın Baş Prokurorluğu ilə əlaqə yaradılıb. Qarşı tərəf bu məsələnin araşdırılmasında Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə yaxından əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Hadisə 2021-01-25 18:14:00