×
A
A
A
Sazlamalar

Gövhər ağa məscidinin maketini düzəldən gənc dekorçu əl işini elə Şuşaya hədiyyə edəcək FOTO VİDEO

Tovuz, 25 yanvar, Ruslan Novruzoğlu, AZƏRTAC
Tovuz rayon sakini Anar İsmayılov dekorativ tətbiqi incəsənətlə məşğuldur. O, 2016-cı ildən bu sahədə çalışır.
AZƏRTAC xəbər verir ki, Vətən müharibəsinin davam etdiyi vaxtlarda hazırladığı əl işindən biri Gövhər ağa məscididir. Bu əsəri ağ, qırmızı və qara rəngli lobyalardan hazırlayıb. Əl işində lobyadan başqa, qarğıdalı dənlərindən də istifadə edilib. Maketin dam örtüyü şam qozaları ilə işlənilib. İçərisinə isə xalça hissələrindən bəzək vurulub.
“Əvvəlcə Şuşa məscidini düzəltmişdim. İşğaldan azad edilən Cocuq Mərcanlı kəndinə aparıb hədiyyə etmişdim. Sanki qələbənin ətrini duymuşduq. Noyabrın 1-də qərara gəldim ki, həm Xudafərin körpüsünü, həm də Şuşa məscidini düzəldim. Belə də oldu, mən maketi hazır etməyə az qalmış, Şuşanın azad olunması xəbərini eşitdim”, - deyə gənc dekor ustası bildirib.
Gənc usta indiyədək müxtəlif ölçüdə yüzlərlə suvenir hazırlayıb. Ən sevdiyi işi isə Şuşadakı Gövhər ağa məscidinin maketidir. Anar bu əl işini Şuşaya gedərək könüllü kimi çalışdığı Tovuz Gənclər evi adından məscidə hədiyyə etməyi düşünür.
Anar hər əl işinə üç gündən bir ayadək vaxt sərf edir. Maketin böyüklüyündən asılı olaraq əl işində istifadə etmək üçün təxminən 2-5 kiloqram lobya lazım olur.
Tovuzlu gəncin indiyədək hazırladığı Heydər Əliyev Mərkəzi, “Alov qüllələri” maketləri bir çox sərgilərdə nümayiş olunub. 2018-ci ildə keçirdiyi sərgidə 120-dən çox əl işini nümayiş etdirib.
Tovuzlu gənc gələcək planlarından da bəhs edib: “Hazırda Xudafərin körpüsünün maketi üzərində işləyirəm. Beş tağdan ibarətdir. Eyni dəst-xətlə, lobya dənələri ilə işlənilir. Qismət olarsa, pandemiyadan sonra beynəlxalq sərgilərdə də iştirak etmək istəyirəm”.
26 yaşlı dekor ustası suvenirlər hazırlamaqla yanaşı, könüllüsü olduğu Tovuz Gənclər evində maraqlananlara bu sənətin sirlərini də öyrədir.

Regionlar 2021-01-25 18:07:00

Video