×
A
A
A
Sazlamalar

Dəniz quldurlarının hücumu zamanı həlak olan mühəndisin cənazəsi Türkiyəyə gətirildikdən sonra Azərbaycana göndəriləcək

İstanbul, 25 yanvar, AZƏRTAC

Nigeriya sahillərində “MV Mozart” gəmisinə dəniz quldurlarının hücumu zamanı həlak olan ikinci mühəndis Fərman İsmayılovun cənazəsi “Türk Hava Yolları”na məxsus təyyarə ilə Türkiyəyə gətirildikdən sonra Azərbaycana göndəriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin “Boden” dənizçilik şirkətinin baş direktoru Levent Karsan məlumat verib.
L.Karsan deyib ki, hücuma məruz qalan gəmi Türkiyəyə məxsus olmayıb. Sadəcə heyət üzvləri türklərdən ibarət olan və Liberiya bayrağı altında hərəkət edən gəmi London və Hamburqdan idarə olunub.
Bildirilib ki, gəmiyə yaxın bir-iki gün ərzində yeni heyət göndəriləcək. Hazırda gəmidə qalan heyət üzvləri Türkiyəyə gətiriləcəklər.
Qeyd edək ki, mövzu ilə bağlı açıqlama verən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Nigeriya sahillərində qaçırılan dənizçilərlə bağlı quldurlarla hələ əlaqə yaradılmadığını deyib.

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2021-01-25 17:08:00