×
A
A
A
Sazlamalar

“Azərsu”nun Zəng mərkəzinə smart kart tipli sayğaclarla bağlı müraciətlərin sayı artıb

Bakı, 25 yanvar, AZƏRTAC

Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, yanvar 25-dən etibarən ölkə ərazisində ticarət obyektlərinin (iri ticarət mərkəzlərinin fəaliyyəti və ictimai iaşə obyektlərində müştərilərə yerində xidmət istisna olmaqla), bərbərxanaların, gözəllik salonlarının və bəzi digər xidmət sahələrinin fəaliyyəti bərpa edilib. Adıçəkilən ictimai-iaşə və xidmət sahələrinin fəaliyyətə başlaması ilə əlaqədar “Azərsu” ASC-nin “955” Zəng mərkəzinə smart kart tipli sayğaclarla bağlı müraciətlərin sayı çoxalıb.
“Azərsu” ASC-dən AZƏRTAC-a bildirilib ki, smart kart tipli sayğaclardan 25 gün ərzində su keçmədikdə sayğacın klapanı avtomatik bağlanır. Belə sayğacların yenidən işlək vəziyyətə gətirilməsi üçün “Azərsu”nun əməkdaşlarının həmin ünvana getməsi və xüsusi servis kartları ilə sayğacı işlək vəziyyətə gətirməsi tələb olunur. Artan müraciətlərin operativ həlli məqsədilə ASC tərəfindən əlavə işçi qüvvəsi cəlb edilib və abonentlərin qarşılaşdığı problemlərin operativ həlli üçün digər lazımi tədbirlər görülür.
ASC abonentlərin nəzərinə çatdırır ki, qeyd edilən məsələ ilə bağlı sayğacların işlək vəziyyətə gətirilməsi (koddan çıxarılması) növbəlilik prinsipi ilə həyata keçirilir. Müraciətlərin çox olması səbəbindən əməkdaşların sifariş daxil olmuş ünvanlara getməsi müəyyən vaxt apara bilir. Bunları nəzərə alıb abonentlərin belə halları anlayışla qəbul etmələri xahiş olunur.

İqtisadiyyat 2021-01-25 16:40:00