×
A
A
A
Sazlamalar

Yaponiyanın “Fujitomi” “YouTube” kanalında Azərbaycanın qlobal enerji layihələrindən bəhs edən veriliş yayımlanıb VİDEO

Tokio, 25 yanvar, AZƏRTAC

Yaponiyanın “Fujitomi” “YouTube” kanalında Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan qlobal layihələrindən bəhs edən xüsusi veriliş yayımlanıb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, verilişin aparıcısı, investisiyalar sahəsində tanınmış ekspert Kazuyasu İşida Azərbaycanın əlverişli coğrafi mövqeyi, zəngin karbohidrogen ehtiyatları barədə yapon izləyicilərə ətraflı məlumat verib. Müstəqilliyin bərpasından sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin banisi olduğu neft strategiyası əsasında həyata keçirilən nəhəng beynəlxalq enerji layihələrindən bəhs edib. Bildirib ki, 1994-cü ilin sentyabrında dünyanın aparıcı şirkətlərinin iştirakı ilə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün geniş imkanlar açıb. Bu yataqların mənimsənilməsi və Avropaya nəqli üçün bir çoxlarının xəyal adlandırdığı Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz əsas ixrac kəmərlərinin inşasına başlanıb və bu layihələr qısa müddətdə həyata keçirilib.
Verilişdə Avropanın qaz təchizatında mühüm rol oynayacaq TAP və TANAP layihələri barədə də ətraflı məlumat verilib. Qeyd edilib ki, 2020-ci il dekabrın son günü işə salınan TAP boru kəməri “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Türkiyə vasitəsilə Yunanıstan, İtaliya və Bolqarıstana nəqlinə şərait yaradıb.
Verilişdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın qələbəsi ilə başa çatmasından sonra həmin regionda aparılacaq yenidənqurma və bərpa işləri barədə də məlumat verilib. Qeyd edilib ki, Azərbaycan rəhbərliyi həmin ərazilərdə böyük quruculuq və bərpa işlərinə başlanılıb. Həmin bərpa işlərinin və yeni nəqliyyat infrastrukturunun yaradılması ilə əlaqədar layihələrin həyata keçirilməsi üçün Yaponiya şirkətlərinin də iştirakına ehtiyac yarandığını deyən K.İşida onları bu işdə fəal iştiraka dəvət edib. Bildirib ki, Azərbaycan həmişə Yaponiyaya dost münasibət bəsləyib. Əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan bu əməkdaşlıq əlaqələri Prezident İlham Əliyevin hakimiyyəti dövründə də daim diqqətdə saxlanılıb. Yalnız Azərbaycanın deyil, ümumilikdə Qafqazın Yaponiya üçün əhəmiyyətini vurğulayan K.İşida hazırda bu regionda investisiyalara böyük ehtiyacın yarandığını bildirib.
Ötən illər ərzində Azərbaycana dəfələrlə səfər etdiyini xatırladan K.İşida ölkəmizin cəlbedici ərazilərə və zəngin təbii sərvətlərə malik olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan rəhbərliyi bütün dost ölkələri bu bərpa və quruculuq işlərində iştirak etmək üçün ölkəyə dəvət edib və həmin işə qoşulan bütün şirkətlərə əlverişli şərait yaradılacağını bildirib.
Verilişdə K.İşidanın yapon dilində Azərbaycan haqqında müəllifi olduğu kitablar barədə də məlumat verilib.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

 

İqtisadiyyat 2021-01-25 16:36:00

Video