×
A
A
A
Sazlamalar

Bərpaolunan enerji mənbələri Avropada elektrik enerjisi istehsalında birinci yerə yüksəlib

Bakı, 25 yanvar, AZƏRTAC

Avropada bərpaolunan enerji mənbələrindən enerji istehsalı ötən il ilk dəfə birinci yerə yüksəlib.
AZƏRTAC xəbər verir ki, pandemiya ilə bağlı məhdudiyyətlərin enerji tələbatını azaltdığı 2020-ci ildə tədarükdəki azalma əsasən daha bahalı ənənəvi enerji mənbələrində baş verib. Belə ki, iqlim hədəflərinə uyğun olaraq payının daha da artacağı hədəflənən yaşıl enerji mənbələri Avropanın elektrik istehsalında indidən birinci yeri tutub.
Bununla yanaşı, 2030-cu ilə qədər karbon emissiyalarını 1990-cı ildəki səviyyəyə görə 55 faiz azaldılması hədəfinə çatmaq üçün Avropanın bərpaolunan mənbələrdən elektrik istehsalı payını ikiqat artırması lazımdır.
“Ember and Agora Energiewende” tədqiqat təşkilatının hesablamalarına görə, keçən il Avropa İttifaqında (Aİ) elektrik enerjisi istehsalının 38 faizi bərpaolunan mənbələrdən əldə edilib. Bu göstərici 2019-cu ildə 34 faiz idi. Bununla da, bərpaolunan enerji mənbələri 37 paya sahib ənənəvi enerji mənbələrini geridə qoyub.
Ötən il qitədə külək və günəş enerjisindən elektrik enerjisi istehsalı 2019-cu ilə nisbətən 10 faiz artıb. Kömür hasilatı isə 20 faiz azalaraq 5 il əvvəlki səviyyənin yarısına enib. Təbii qaz istehsalı 4 faiz civarında azalıb, ancaq yenə də son 10 ilin orta göstəricisindən 12 faiz yüksəkdir.
Kömürdən uzaqlaşmaq son 5 ildə Avropanın enerji istehsalındakı karbon intensivliyinin 29 faiz azalmasına səbəb olub.

 

Energetika 2021-01-25 16:10:00