×
A
A
A
Sazlamalar

Ötən il bələdiyyələrin fəaliyyəti ilə bağlı 3503 müraciətə baxılıb

Bakı, 25 yanvar, AZƏRTAC 

Ötən il bələdiyyələrin fəaliyyəti ilə bağlı 3503 müraciətə baxılıb. Müraciətlərin sayında əvvəlki illə müqayisədə 6 faiz artım qeydı alınıb. Müraciətlərdə qaldırılan məsələlərin həllinə diqqətin artırılması nəticəsində təmin edilmiş müraciətlərin sayı 17 faiz artıb. Müraciətlərə baxılması nəticəsində qanunvericiliyin tələblərinə zidd olan 328 (ötən illə müqayisədə 45 faiz çox) bələdiyyə aktının dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı təkliflər verilib.
AZƏRTAC xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin 2020-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında nazirliyin Bələdiyyələrlə iş mərkəzinin rəisi Rəhman Məmmədov deyib.
R.Məmmədov bildirib ki, ötən il nazirlik tərəfindən verilmiş 3267 təklifdən 15-i bələdiyyələr tərəfindən təmin edilmədiyi üçün qanunvericiliyin tələbinə uyğun olaraq məhkəmələrdə 15 iddia qaldırılıb. Onlardan 2-si məhkəmə tərəfindən təmin edilib, 13-ü isə məhkəmələrin icraatındadır. Həyata keçirilən inzibati nəzarət tədbirlərinin nəticəsi olaraq bütövlükdə 8217 hektar, əvvəlki ilə nisbətən 17 faiz çox torpaq sahəsi, o cümlədən qanunsuz ayrılmış ümumi istifadə üçün nəzərdə tutulmuş 3417 hektar örüş sahəsi bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılıb. Bundan başqa, 2261 hektar torpaq sahəsi ilə bağlı mübahisələr hazırda nazirliyin iddiaları əsasında məhkəmələrin icraatındadır. Ümumi istifadə üçün nəzərdə tutulmuş örüş sahələri ilə bağlı çoxsaylı şikayətlərin, o cümlədən kollektiv şikayətlərin olduğu nəzərə alınaraq onların istifadə vəziyyəti barədə sorğular göndərilib. Həmin sorğuların nəticələri üzrə qanunamüvafiq tədbirlərin görülməsi davam etdiriləcək.
Diqqətə çatdırılıb ki, əvvəlki illərdə icarəyə verilmiş bələdiyyə torpaqlarının icarə haqları ilə bağlı mövcud vəziyyətin müəyyənləşdirilməsi məqsədilə məlumatlar toplanılaraq təhlil edilib. Məlum olub ki, bir çox hallarda əvvəlki illərdə müəyyənləşdirilmiş icarə haqlarının mövcud bazar qiymətlərindən dəfələrlə aşağı olmasına baxmayaraq, bələdiyyələr tərəfindən qiymətlərin uyğunlaşdırılması üçün lazımi tədbirlər görülməyib. Bu sahədə uyğunsuzluqların aradan qaldırılması və qanunamüvafiq tədbirlərin görülməsi üçün “İcarə haqlarının bazar qiymətlərinə uyğunlaşdırılması barədə” tövsiyə, məsələ ilə bağlı qəbul edilməli olan bələdiyyə qərarının, icarəçilərə göndərilməli təklifin, iddia ərizəsinin nümunəvi formaları hazırlanaraq bütün bələdiyyələrə göndərilib.

Sosial 2021-01-25 14:12:00