×
A
A
A
Sazlamalar

Ağdamda heyvandarlıq məhsullarının istehsalı artıb

Ağdam, 25 yanvar, AZƏRTAC

Ağdam rayonunda kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıq stabil inkişaf edir. Əvvəlki illərdə olduğu kimi, 2020-ci ildə də heyvandarlıq sahəsində uğurlu nəticələr əldə olunub. Mal-qaranın cins tərkibi daha da yaxşılaşıb, heyvandarlıq məhsulları istehsalında artım qeydə alınıb.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 2020-ci ilin yanvarın 1-i tarixinə rayonda 43 min 346 baş iri buynuzlu mal-qara, 104 min 373 baş qoyun və keçi olub. 2020-ci ildə təsərrüfatlarda 5000,9 ton ət, 38 min 842,5 ton süd, 203,3 ton yun istehsal olunub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə diri çəkidə ət istehsalı 5,6 faiz, süd istehsalı 2,5 faiz artıb.
Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların cins tərkibinin yaxşılaşdırılması mühüm rol oynayır. Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. 2020-ci ildə 4253 baş inək və düyə süni yolla mayalandırılıb, 2578 baş cins tərkibi yaxşılaşdırılmış buzov alınıb.

Kənd təsərrüfatı 2021-01-25 10:39:00