×
A
A
A
Sazlamalar

Vyanada “20 Yanvar – Milli iradəmizin zəfər çaldığı gün” adlı tədbir keçirilib

Vyana, 24 yanvar, AZƏRTAC

Yanvarın 23-də Vyanada Azərbaycanın Avstriyadakı səfirliyi tərəfindən 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar videoformatda “20 Yanvar – Milli iradəmizin zəfər çaldığı gün” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov qanlı 20 Yanvar hadisələri barədə danışıb.
Qeyd edilib ki, 20 Yanvar Azərbaycan xalqının tarixində ən faciəli və ağır matəm günlərindən biri olsa da, müstəqilliyə gedən yolda mühüm əhəmiyyət daşıyır, Azərbaycan xalqının sarsılmaz iradə nümayiş etdirdiyi tarixi hadisədir. Sovet ordusu həmin vaxt dinc əhaliyə qarşı amansızlıq törədərək, insanların iradə və əzmkarlığını qırmağa çalışırdı, lakin gözlənilənlərin əksi baş verdi, 20 Yanvar hadisələri Azərbaycan xalqının müstəqillik arzusunu daha da alovlandırdı. Məhz həmin hadisələr vaxtı öz müstəqilliyinə qovuşmaq istəyən Azərbaycan xalqı İttifaqın digər respublikaları üçün örnək oldu, SSRİ-nin süqutu prosesi daha da sürətləndi.
Q.İsrafilov arxada qalan 2020-ci ilin də Azərbaycan xalqı üçün əhəmiyyətinə toxunub, Vətən müharibəsində qazanılan şanlı Qələbənin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını qeyd edib. Müharibənin qızğın dövründə dünyanın bir çox ölkələrində olduğu kimi Avstriyada yaşayan soydaşlarımızın da müxtəlif tədbir və aksiyalar vasitəsilə Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında iştirakını təqdir edib.
Qeyd edilib ki, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və suverenliyin bərpasından sonra Qarabağın dirçəldilməsi, bərpa və yenidənqurma işlərinə start verilib. Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə həm Azərbaycanda, həm də regionda yeni inkişaf mərhələsinin başlandığını vurğulayan Q.İsrafilov soydaşlarımızı bu prosesdə aktiv iştiraka çağırıb.
Görüşə qoşulan soydaşlarımız 44 günlük Vətən müharibəsi və əldə olunan Zəfər barədə fəxrlə danışıblar. Natiqlər Avropanın mərkəzində yerləşən Avstriyada Azərbaycan barədə həqiqətlərin yerli ictimaiyyətə çatdırılması üçün gələcək fəaliyyət istiqamətlərindən bəhs ediblər, bu ölkədəki diaspor təşkilatları və fəallar arasında ünsiyyətin intensivləşdirilməsi üçün koordinasiya qrupunun yaradılması barədə qərar qəbul ediblər.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana 

20 yanvar 2021-01-24 05:30:00