×
A
A
A
Sazlamalar

Türkiyədə Azərbaycanın Qələbəsi şərəfinə xatirə sikkəsi buraxılıb

Ankara, 23 yanvar, AZƏRTAC

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı zəfəri tarixi hadisə olaraq Türkiyədə buraxılan gümüş xatirə sikkəsində öz əksini tapıb.
AZƏRTAC xəbər verir ki, Türkiyə Cümhuriyyətinin Xəzinə və Maliyyə Nazirliyinin Darphanə və Damğa Mətbəəsi tərəfindən buraxılan gümüş sikkənin üzərində “Qarabağ Azərbaycandır!” şüarı, ölkəmizin xəritəsi, dövlət gerbimiz, Şuşa qalası və məscid şəkili həkk olunub. Sikkənin digər üzündə isə qələbəmizin rəmzinə çevrilən Xarı-Bülbül rəsmi əksini tapıb.
Xatirə sikkəsi 50 manat nominal dəyərindədir və hazırda Türkiyədəki satış qiyməti 275 türk lirəsidir.
Qeyd edək ki, qardaş Türkiyədə Azərbaycanla bağlı tarixi hadisələrə dair xatirə sikkələrinin buraxılması davamlı xarakter alıb. Bundan əvvəl 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, ötən il isə Nəsiminin 650 illiyi ilə bağlı sikkələr buraxılıb.


Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Maliyyə 2021-01-23 13:16:00