×
A
A
A
Sazlamalar

Neft Fondunun ABŞ dolları portfelinin 14,2 faizi qızıl investisiyalarıdır

Bakı, 23 yanvar, AZƏRTAC

Yanvarın 1-nə ABŞ dolları Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin 68 faizini, avro 20,3 faizini, funt sterlinq 5,3 faizini, Avstraliya dolları 0,6 faizini, Türkiyə lirəsi 0,7 faizini, Rusiya rublu 0,5 faizini, Çin yuanı 1,3 faizini, Yaponiya yeni 1,5 faizini, digər valyutalar isə 1,8 faizini təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə ARDNF-in 2020-ci il üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatında bildirilir.
Hesabata görə, ABŞ dolları portfelinin 6 milyard 170,8 milyon dollarlıq hissəsini (14,2 faiz) qızıl investisiyaları təşkil edib.
Həmçinin ARDNF-in investisiya portfelinin 0,95 milyon dollarlıq hissəsi Azərbaycan manatıdır.
Qeyd edək ki, 2021-ci il yanvarın 1-nə fondun aktivləri ötən ilin əvvəlinə (43 milyard 323,3 milyon ABŞ dolları) nisbətən 0,56 faiz artaraq 43 milyard 564,3 milyon dollara bərabər olub. Koronavirus pandemiyasının təsirləri nəticəsində dünya iqtisadiyyatında baş vermiş tənəzzül fonunda neft qiymətlərinin aşağı düşməsi ilə ARDNF-in büdcə xərclərinin büdcə gəlirlərini üstələməsinə baxmayaraq vəsaitlərin idarə edilməsindən əldə edilən və büdcədənkənar gəlirlər hesabına Neft Fondunun aktivlərinin həcmində artım baş verib.

 

Neft - qaz 2021-01-23 10:46:00