×
A
A
A
Sazlamalar

Aktauda 20 Yanvar hadisələrinə həsr olunmuş videokonfrans keçirilib

Nur-Sultan, 22 yanvar, AZƏRTAC
Azərbaycanın Aktaudakı baş konsulluğunun təşəbbüsü ilə 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar videokonfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, videokonfransda Türkiyənin, Özbəkistanın, Türkmənistanın diplomatik nümayəndəliklərinin rəhbərləri, Mangistau vilayətindən “Dostluq” milli-mədəni cəmiyyəti, Aktyubinsk vilayətindən “Azərbaycanlılar Birliyi”, Atıraudan “Novruz” və Qərbi-Qazaxıstandan “Birlik” milli-mədəni cəmiyyətlərinin rəhbərləri və üzvləri, eləcə də Qazaxıstanın Xalqlar Assambleyasının təmsilçiləri, azərbaycanlı iş adamları və tələbələr iştirak ediblər.
Baş konsul Elmar Məmmədov 20 Yanvar faciəsinin tarixi və İkinci Qarabağ müharibəsi barədə ətraflı məlumat verib.
Tədbirdə, vilayətdəki diplomatik korpusun nümayəndələri Azərbaycana hər zaman dəstək verəcəklərini, daim qardaş ölkənin yanında olacaqlarını bildirib, mülki əhaliyə qarşı törədilən 20 Yanvar faciəsini qətiyyətlə pisləyiblər.
Çıxış edənlər İkinci Qarabağ müharibəsində qazanılan parlaq Qələbə münasibətilə Azərbaycan xalqına təbriklərini çatdırıblar.
Eyni zamanda, Mangistau vilayətində fəaliyyət göstərən “Dostluq” milli-mədəni cəmiyyətinin rəhbəri Şəmsəddin Hüseynov, “Azərsun” Logistika və İstehsalat Mərkəzinin direktoru Ələkbər Muradov, icmalarımızın nümayəndələri, habelə tələbələr müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan

20 yanvar 2021-01-22 17:46:00