×
A
A
A
Sazlamalar

Bu dəfə Azərbaycan xalqı 20 Yanvar hadisələrinin ildönümünü tamam başqa əhval-ruhiyyədə qeyd etdi

Bakı, 21 yanvar, AZƏRTAC

20 Yanvar hadisələrinin 31-ci ili tamam oldu. Amma bu dəfə Azərbaycan xalqı tamam başqa əhval-ruhiyyədə idi. Sanki hər kəsdə bir mənəvi rahatlıq var idi. 20 Yanvar hadisələri zamanı şəhid olan insanların ruhu şaddır. Çünki onların canlarını qurban verdiyi müstəqil Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Şahin İsmayılov bildirib.
Deputat deyib ki, 20 Yanvar hadisələri zamanı qəhrəmanlıq göstərən azərbaycanlıların davamçıları, şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında mənfur düşməni ağır məğlubiyyətə uğradaraq ərazi bütövlüyümüzü bərpa etdi. 20 Yanvar hadisələri zamanı şəhid olan insanların qanı yerdə qalmadı. Bu il Şəhidlər xiyabanını ziyarət edənlər içərisində gənclər üstünlük təşkil edirdi. Bu gənclər nə 20 Yanvar hadisələrinin canlı şahidi olublar, nə də 30 ilə yaxın müddət ərzində işğal altında qalan torpaqlarımızda olublar. Amma buna baxmayaraq, Azərbaycan gəncləri hər zaman tariximizə, mədəniyyətimizə böyük diqqət göstərmiş, azərbaycançılıq ideologiyasını həyat tərzlərinə çevirmişlər. Məhz bunun nəticəsidir ki, Vətən müharibəsi zamanı məhz Azərbaycan gəncləri tarixi qəhrəmanlıq göstərərək torpaqlarımızın işğaldan azad olunmasında vacib rol oynadılar. Bugünkü Azərbaycan gənclərinin həyatda formalaşma dövrü Prezident İlham Əliyevin hakimiyyəti dövrünə düşür. Prezident İlham Əliyev isə hər zaman bütün məsələlərdə Azərbaycan maraqlarını müdafiə edib, ölkəmizin inkişafı üçün tarixi fəaliyyət göstərib. Dövlətimizin başçısının bu fəaliyyəti gənclərimiz tərəfindən də aktiv şəkildə izlənilib və dəstəklənib. Prezident regionlara səfərləri zamanı əksər hallarda gənclərlə görüşüb və onlara olduqca vacib tövsiyələr verib. Sadaladığımız bütün bu məqamlar Azərbaycanda sağlam gənc nəslin formalaşmasına təsir göstərmişdir. Azərbaycan gəncləri bundan sonrakı dövrdə də Prezidentin ətrafında sıx birləşəcəklər.
“Bir məqamı da xüsusi qeyd etmək istərdim. 1994-cü ildə atəşkəs sazişi imzalanandan sonra yaranan ilk dövlət qurumu Gənclər və İdman Nazirliyi olmuşdur. Ulu öndər Heydər Əliyev bu qurumu yaratmaqla Azərbaycanda gənclər və idman siyasətini dövlət siyasətinin tərkib hissəsi elədi. Ulu Öndər yaxşı bilirdi ki, sağlam Azərbaycan gəncliyinin formalaşması müstəqil Azərbaycanın güclü olması üçün çox böyük əhəmiyyət kəsb edir. Ümummilli Liderin Azərbaycan üçün olan arzuları Prezident İlham Əliyevin idarəçiliyi ilə gerçəkləşdi.
Ərazi bütövlüyümüzün bərpası ilə ölkəmiz üçün yeni mərhələ başlayır. Düşünürəm ki, bundan sonrakı dövrdə də Azərbaycan gəncləri ölkəmizin inkişafı üçün əllərindən gələni edəcəklər”, - deyə Şahin İsmayılov bildirib.

20 yanvar 2021-01-21 19:17:00