×
A
A
A
Sazlamalar

Polis əməkdaşlarının keçirdiyi sonuncu əməliyyatlar zamanı 14 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Bakı, 21 yanvar, AZƏRTAC

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin satışı, kultivasiyası və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatları uğurla davam etdirirlər.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı vətəndaş Etibar Yusifov saxlanılıb. Axtarış zamanı ondan 47 qram heroin və narkotik vasitələrin onlayn satışı nəticəsində əldə etdiyi maddi vəsaitlərin toplandığı plastik kartlar götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq E.Yusifovun Abşeron rayonunda yaşadığı mənzilə baxış zamanı 7 kiloqram 310 qram heroin, 2 kiloqram 440 qram qurudulmuş marixuana, 843 qram tiryək, 3 kiloqram 480 qram metamfetamin və iki elektron tərəzi aşkarlanıb.
Baş İdarənin əməkdaşları narkotik tərkibli bitkilərin kultivasiyasının qarşısının alınması istiqamətində də əməliyyat tədbiri həyata keçiriblər. Belə ki, Abşeron rayonunun Saray qəsəbəsində yaşayan Habil Qarayevin evinin zirzəmisində narkotik tərkibli bitkiləri əkib-becərdiyi barədə idarəyə əməliyyat məlumatı daxil olub. Həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Evin zirzəmisinə baxış zamanı onun istixanada xüsusi qulluq edilərək yetişdirdiyi ümumilikdə 60 çətənə bitkisinin kolları və şitilləri, eləcə də 300 qram qurudulmuş marixuana götürülüb. H.Qarayev ifadəsində narkotik tərkibli bitkiləri bu ilin martında əkdiyini və onların yetişməsi üçün zirzəmiyə xüsusi olaraq su, istilik və havalandırma sistemi çəkdiyini bildirib.
Bu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən 14 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Həmin şəxslərin hər biri tutularaq istintaqa təqdim olunub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Hadisə 2021-01-21 19:15:00