×
A
A
A
Sazlamalar

Quru dərinin kosmetik xüsusiyyətləri

Bakı, 21 yanvar, AZƏRTAC

Adətən qış fəslində üz dərisi quru olanlar müəyyən problemlərlə üzləşirlər. Məsələn, dərinin elastikliyi azalır, günəş şüalarına, küləyə və soyuğa qarşı həssaslığı artır.
AZƏRTAC xəbər verir ki, belə dərilərin xüsusiyyəti barədə Bakıdakı 15 nömrəli poliklinikanın həkim-dermatoloqu Solmaz Orucova deyib: “Quru dəridə olan problemlərdə başlıca olaraq iqlim dəyişikliyi aparıcı yer tutur və qış fəslində bunun nəticəsində dərialtı piy toxumalarının sekresiyası azaldığına görə dəridə quruluq yaranır və səthi çatlar, qızartılar, qaşınmalar və s. əmələ gəlir. Bunun qarşısını almaq üçün qış fəslində sutka ərzində 1,5 litr və daha artıq maye qəbuluna fikir vermək lazımdır”.
Onun dediyinə görə, belə dərilər xüsusi qulluq tələb edir. Bu zaman müxtəlif maskalar köməyə çata bilər: “Maskaların tərkibində təbii vasitə olaraq daha çox ev şəraitində bitki yağları, xama, qaymaq, yumurta sarısı əlavə etmək olar, çünki onlar dəriyə həm qidalandırıcı, həm də nəmləndirici təsir göstərir. Səhər evdən çıxanda bəzən quru dərili xanımların nəmləndirici krem çəkib çıxmağı düzgün deyil, çünki həmin kremin tərkibində maye çox olduğuna görə küləkli, soyuq və şaxtalı havada həmin su damcıları xırda kristallara çevrilir və dərini qıcıqlandırmağa və qurutmağa başlayır. Quru dəri həssas olduğuna görə onu istənilən vasitə ilə yuyulub təmizləmək olmaz. Bunun üçün xüsusi zərif köpüklərdən və yaxud kosmetik südlərdən istifadə edərək dərini təmizləmək və dərini yuyandan sonra daha çox nəmlənməsinə fikir vermək lazımdır. Seçilən kremlərin tərkibi həm də qidalandırıcı olmalıdır. Qış mövsümündə xüsusilə yağlı kremlərə üstünlük verilməlidir”.
Mütəxəssislər deyirlər ki, hər gün xüsusilə axşam saatlarında tərkibi qliserin, bitki yağları, A və E vitaminləri ilə zəngin kremlərdən istifadə etmək məsləhətdir. Nəmləndirici kremlər isə evdən çıxmazdan 1 saat əvvəl dəriyə çəkilməlidir.
“Yağlı dərilərin müsbət cəhəti ondan ibarətdir ki, onlar gec qocalır. Hansısa meyvə və tərəvəzdən istifadə edib maska hazırlamaq üçün ona yumurta qatanda mütləq quru dərilərə yumurtanın sarısı, yağlı dərilərə isə ağı qatılır. Yağlı dəri üçün sadə və səmərəli maskalardan birini belə hazırlamaq olar. 1 xörək qaşığı limon suyu, 1 tam dolu olmayan xörək qaşığı bal və 1 xörək qaşığı süd qarışdırılaraq üzə çəkilir. Maskanın tərkibində istifadə olunan meyvə və tərəvəzlərin hansınasa qarşı allergiya varsa, mütləq onu başqa məhsulla əvəz etmək lazımdır, əks təqdirdə dəridə qızartı və ləkələrin yaranması halları müşahidə oluna bilər”, - deyə həkim-dermatoloq əlavə edib.

Sağlamlıq klubu 2021-01-21 18:12:00