×
A
A
A
Sazlamalar

Demokratlar ABŞ senatı üzərində formal nəzarət əldə edib

Bakı, 21 yanvar, AZƏRTAC

ABŞ-da üç yeni demokrat-senatorun andiçməsindən sonra Demokratlar partiyası senatda formal çoxluq əldə edib.
AZƏRTAC Amerika KİV-lərinə istinadla xəbər verir ki, yanvarın 5-də Corciya ştatında keçirilən səsvermənin ikinci turunda respublikaçılar Devid Peryu və Kelli Loffler üzərində qələbə qazanan Con Ossoff və Rafael Uornok ABŞ senatında and içib.
Hazırda senatda qüvvələr balansı bərabərdir - 50:50. Lakin ABŞ-ın vitse-prezidenti Kamala Harrisin də senatda səsvermə hüququndan istifadə edə bilməsi Demokratlar partiyasına senata nəzarət etmək imkanı verir. Beləliklə, 2010-cu ildən bəri demokratlar ABŞ konqresi üzərində tam nəzarətə yiyələnməyə nail olub.
Demokratlar partiyası üç sahəni - sabiq Prezident Donald Trampın impiçmenti üzrə ikinci prosesi, COVID-19 infeksiyası ilə mübarizənin yeni raundunu və yeni Prezident Cozef Bayden dövründə nazir postlarına namizədlərin təsdiq edilməsini yaxın prioritetlər sırasına daxil edib.

Dünya 2021-01-21 18:08:00