×
A
A
A
Sazlamalar

“Şəhidlər unudulmur!” mövzusunda onlayn seminar keçirilib

Bakı, 21 yanvar, AZƏRTAC

“Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə “Şəhidlər unudulmur!” mövzusunda onlayn seminar keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, Milli Məclisin deputatı Müşfiq Cəfərov, Gənclər və İdman Nazirliyinin əməkdaşı Pərvin Mehdiyev, Azərbaycan İdman Jurnalistləri Federasiyasının prezidenti Qabil Mehdiyev, “Azərbaycan İdmançıları” İctimai Birliyinin baş katibi Fərhad Acalov, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Bərdə Rayon Gənclər və İdman İdarəsinin rəisi Hikmət Ələkbərov, “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin sədri Miraqil Seyidzadə, Gəncə İdman Klubunun prezidenti Elvar Osmanov, Azərbaycanın Xalq artisti Şahnaz Haşımova, jest dili üzrə təlimçi Nuranə Abıyeva, “Yeni Gəncə” qəzetinin baş redaktoru Hicran Məmmədova və könüllülərin iştirak etdikləri tədbirdə əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Çıxış edənlər 20 Yanvar faciəsinin və İkinci Qarabağ müharibəsinin Azərbaycan xalqının tarixində şanlı səhifələrdən olduğunu vurğulayıblar. Şəhidlərimizin fədakarlığının xalqımızın yaddaşına əbədi həkk olunduğu, onların xatirəsinin hər zaman böyük ehtiramla anıldığı qeyd olunub.
Çıxışlardan sonra ikinci Qarabağ müharibəsində şəhid olmuş Xudayar Yusifzadənin səsləndirdiyi “Vətən yaxşıdır” mahnısının “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin “Könüllülük əngəl tanımır” layihəsi çərçivəsində idman könüllüləri tərəfindən jest dili ilə ifası nümayiş olunub. Videoçarx tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb və yüksək qiymətləndirilib.
Layihənin ideya müəllifi Altun Süleymanov, əlaqələndiricisi Ləman İsgəndərli layihə çərçivəsində görülmüş işlər haqqında məlumat veriblər.
Şəhidin qardaşı Məhəmməd Yusifzadə tədbirdə çıxış edərək Xudayarla bağlı xatirələrindən danışıb və şəhidlərimizin xatirəsinə göstərilən dərin ehtirama görə minnətdarlığını bildirib.

20 yanvar 2021-01-21 17:57:00