×
A
A
A
Sazlamalar

Ukrayna telekanalında 20 Yanvar faciəsi ilə bağlı süjet yayımlanıb VİDEO

Kiyev, 21 yanvar, AZƏRTAC

Ukraynanın nüfuzlu ATR telekanalı 20 Yanvar faciəsinin ildönümü ilə bağlı xüsusi süjet yayımlayıb.
AZƏRTAC xəbər verir ki, süjetdə 20 Yanvar faciəsinin yaranma səbəbləri və tarixi barədə ətraflı danışılıb.
Qeyd edilib ki, həmin dövrdə sovet rəhbərliyinin razılığı ilə Ermənistan SSR-in ölkəmizə qarşı ərazi iddialarına Azərbaycan xalqı öz haqlı etirazını bildirirdi. Artan gərginliyin qarşısını almaq əvəzinə, sovet rəhbərliyi 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xalqımıza qarşı silahlı dəstələr göndərdi. Mixail Qorbaçovun əmri ilə Sovet İttifaqının hərbi hissələri həm dənizdən, həm də qurudan Bakının mülki əhalisinə hücum etdi və bununla da insanlığa qarşı dəhşətli bir cinayət törətdi. Nəticədə yüzlərlə mülki şəxs həlak oldu, yaralandı və itkin düşdü.
Süjetdə Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova və politoloq Tofiq Abbasovun 20 Yanvar faciəsi ilə bağlı fikirləri də yer alıb.
Qeyd edək ki, 20 Yanvar faciəsinin ildönümü ilə bağlı məqalələr Ukraynanın yazılı mətbuatında da dərc olunub.

 

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

20 yanvar 2021-01-21 16:44:00

Video