×
A
A
A
Sazlamalar

® “Rabitəbank” 2020-ci ili 12 faiz artımla başa vurub

“Rabitəbank” ASC 2020-ci ilin yekunlarına dair maliyyə hesabatını açıqlayıb. 

Belə ki, yanvarın 1-nə bankın aktivləri keçən ilin analoji dövrü ilə müqayisədə 12,3 faiz artaraq 831 milyon manat, kredit portfeli 12,2 faiz artaraq 432 milyon manat təşkil edib.
COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan karantin tədbirlərinə baxmayaraq, ötən il sahibkarları əlçatan biznes kreditləri imkanı ilə təmin edən bank il ərzində 109,3 milyon manat həcmində biznes kreditlərini müştərilərə ayırıb. Bununla yanaşı, “Rabitəbank” ipoteka kreditləri portfelini 65 faiz, istehlak kreditlərini isə 11 faiz artırıb. Bankın gəlirləri 2019-cu illə müqayisədə 18 faiz artaraq 63,5 milyon manat olub, o cümlədən faiz gəlirləri 11 faiz, əməliyyat gəlirləri isə 40 faiz artıb. Bank 2020-ci ili 2,2 milyon manat mənfəətlə başa vurub.
Keçən il “Rabitəbank” üçün kart biznesi sahəsində də uğurlu olub. Hesabat dövrü ərzində bank kart sayını 148 minə çatdırıb ki, bu da ötən illə müqayisədə 80 faiz artım deməkdir. İstənilən kafe və restoran, supermarket, yanacaqdoldurma məntəqələri və bütün ödənişlərə keşbek seçimlərini özündə birləşdirən “Kartmane” kartı ilə yanaşı, bank müştərilərinə əməkhaqqı və kredit kartları məhsullarını təqdim edib. Bankın ödəniş qəbulu şəbəkəsi 763 POS-terminal, bankomat şəbəkəsi isə 73 ATM təşkil edir.
Bütün bank xidmətlərini sürətlə rəqəmsal sferada da genişləndirən “Rabitəbank”ın mobil tətbiqi “Rabita Mobile”in yükləmələrinin sayı 3 dəfədən çox artaraq 95 min 560-a çatıb. “Rahat bankçılıq” sloqanına sadiq qalan “Rabitəbank”ın mobil tətbiqinin reytinqi 4,5 (iOS) və 4,3 (Android) bala yüksəlib.
Cəmiyyətin tələb və ehtiyaclarını nəzərə alaraq, “Rabitəbank” ötən il də korporativ sosial məsuliyyət prinsipləri əsasında bir sıra əməli fəaliyyətlər həyata keçirib. Ötən il həm COVID-19, həm də müharibə vəziyyəti ilə üzləşmiş xalqımızın çətin dövrdə yanında olan “Rabitəbank” Koronavirusla Mübarizə Fonduna 150 min AZN, Silahlı Qüvvələrə Yardım Fonduna 100 min AZN ianə köçürüb. Mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə iki məcburi köçkün ailəsinə ayrı-ayrılıqda 65 min və 60 min AZN birdəfəlik maddi yardım həyata keçirib. Bundan başqa, 120-dən çox tənha yaşayan aztəminatlı ahıllara, əsgər və zabitlərimizə əsgər payı, qəhrəman əsgərə təhsil xərclərin ödənilməsini əsirgəməyib. Özünüməşğulluq proqramında aktiv iştirak etmiş bank 51 aztəminatlı ailəyə öz kiçik bizneslərini qurmaq üçün təmənnasız aktivlər təqdim edib.
1993-cü ildən hər zaman müştərilərin dəyişən ehtiyaclarına uyğunlaşan, keyfiyyətli xidmət və məhsullar təqdim edən “Rabitəbank” ölkənin 26 bankı sırasında aktivlərin həcmi, kredit və depozit portfeli, həmçinin kapitalına görə ən qabaqcıl 10 bankı sırasında yerini qorumaqdadır. Xidmət və ATM şəbəkəsini genişləndirmiş bank hazırda 27 filial və şöbəsi ilə ölkənin 14 regionunda rahat bankçılıq xidmətləri təqdim edir. 820 nəfərlik böyük kollektivi ilə bank 2021-ci ildə də 200 mindən çox müştərisinə keyfiyyətli və əlçatan maliyyə xidmətlərini təqdim etməyə davam edəcək. “Rabitəbank” “Zəfər ili”ndə daha da güclənərək sahibkarlar üçün etibarlı tərəfdaş, ölkə əhalisi üçün sərfəli və innovativ ödəniş vasitələri və maliyyələşmə həlləri təklif edən ən rahat banklardan biri kimi qalmağı planlaşdırır.

Maliyyə 2021-01-21 11:03:00