×
A
A
A
Sazlamalar

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları vaksinasiya olunmağa başlayan ilk kollektivlərdən biridir

Bakı, 21 yanvar, AZƏRTAC

Yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə yeganə yol vaksinasiyadır. Azərbaycanda COVID-19-a qarşı vaksinasiya prosesinə səhiyyə işçilərinin peyvəndlənməsi ilə start verilib.
AZƏRTAC xəbər verir ki, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları da vaksinasiya olunmağa başlayan ilk kollektivlərdən biridir.
İnstitutun rektoru, professor Nazim Qasımov COVID-19-a qarşı peyvənd olunub. Professordan sonra institutun əməkdaşları da bir-birinin ardınca peyvənd ediliblər. Yaxın günlər ərzində kollektivin bütün üzvləri xəstəliyə qarşı immunitet əldə etmək üçün vaksinasiya olunacaqlar.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib. Strategiyaya uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət peyvənd olunacaq. Strategiyanın əsas məqsədi ölkədə geniş yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır. Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və nəticədə səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir.

Səhiyyə 2021-01-21 10:51:00