×
A
A
A
Sazlamalar

Deputat: Azərbaycan həm iqtisadi, həm də hərbi-siyasi cəhətdən daha qüdrətli dövlətə çevriləcək

Bakı, 20 yanvar, AZƏRTAC

Sumqayıt Kimya Sənaye Parkının təməli 10 il bundan əvvəl Prezident İlham Əliyev tərəfindən qoyulub. Ötən müddətdə sənaye parkında onlarca iri müəssisə yaradılıb. Bu müəssisələrdə istehsal edilən məhsullar xarici ölkələrə də ixrac edilir. Bütün bunlar Azərbaycan iqtisadiyyatının yüksəlməsində, istər neft, istərsə də qeyri-neft sektorunun inkişafında önəmli rol oynayıb.
Prezident İlham Əliyevin birbaşa təşəbbüsü və memarlığı ilə yaradılmış Kimya Sənaye Parkı nəinki Sumqayıt şəhərinin, eləcə də respublikamızın iqtisadi inkişafında mühüm yer tutur.
Əvvəllər çirkli şəhərlər sırasında olan Sumqayıt bu gün ekoloji cəhətdən ən təmiz və yaraşıqlı, eyni zamanda, regionda ən böyük sənaye şəhərinə çevrilib.
Yanvarın 18-də Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında daha bir neçə müəssisənin açılışı və təməlqoyma mərasimində iştirak etdi. Bu, özlüyündə böyük bir məna kəsb edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva bildirib.
K.Əliyeva vurğulayıb ki, bunu ölkəmizin Qarabağda hərbi və siyasi qələbəsindən sonra iqtisadi və sosial sahələrdə inkişafımızın uğurlu davamı kimi qiymətləndirmək olar. Bu müəssisələrin fəaliyyətə başlaması ölkəmizdə qeyri-neft sektorunun inkişafına böyük təsiri olacaq. Bu müəssisələrin istehsal etdiyi qeyri-neft məhsullarının xaricdən ixracına son qoyulacaq, bununla da ölkədən valyuta axınının qarşısı alınmış olacaq. Daimi iş yerləri yaranacaq və bu da ölkəmizdə işsizlərin sayının minimuma enməsinə töhfə verəcək.
Deputatın sözlərinə görə, 2021-ci il üçün təsdiq edilmiş dövlət büdcəsinin təxminən 65-70 faizi qeyri-neft sektorundan gələn gəlirlərin hesabına formalaşıb: “2020-ci ildə neftin qiymətinin kəskin aşağı düşməsi və pandemiya ilə əlaqədar bütün dünya ölkələri iqtisadi tənəzzülə uğradı. Azərbaycanda da iqtisadi geriləmələr baş verdi. İnkişaf etmiş bir sıra ölkələrdə iqtisadi tənəzzül 10-20 faiz arasında olsa da, Azərbaycanda bu, az faizlə ifadə olundu. Sevindirici haldır ki, 2020-ci ildə Azərbaycanda valyuta ehtiyatları azalmadı, əksinə, az da olsa, artım oldu. Bu da Prezident İlham Əliyevin apardığı uzaqgörən və dayanıqlı iqtisadi islahatların nəticəsi idi”, - deyən K.Əliyeva bildirib ki, Azərbaycan 2021-ci ilə uğurla qədəm qoydu. Prezident İlham Əliyev bu il ilk səfərini Şuşa şəhərinə etdi və Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etdi. Dövlətimizin başçısının bu səfəri və orada etdiyi çıxışlar tarixi hadisə kimi qiymətləndirilir. Prezident İlham Əliyev çıxışında Azərbaycana qarşı qərəzli mövqe tutan beynəlxalq təşkilatları və ölkə başçılarını, Ermənistanın Qarabağda törətdiyi vəhşilikləri öz gözləri ilə görməyə və bir neçə ildən sonra yenidən bu ərazilərə dönəcəkləri təqdirdə, cənnət bir diyar görəcəklərini diqqətə çatdırdı. Artıq bu işlərə start verilib. Şuşanın yenidən qurulması və bərpası ilə əlaqədar plan hazırlanıb və işlərə başlanılıb”.
Kamilə Əliyeva diqqətə çatdırıb ki, dövlətimizin başçısı Şuşaya səfəri zamanı Füzuli şəhərində tikiləcək beynəlxalq aeroportunun inşasının və Füzuli - Şuşa avtomobil yolunun tikintisinin təməllərini qoyması da mühüm hadisələrdir. Dağlıq Qarabağ və ətraf rayonların yenidən qurulması və bərpası nəticəsində Azərbaycan iqtisadiyyatı gələcək illərdə daha da güclənəcək, ölkəmiz istər iqtisadi, istərsə də hərbi-siyasi cəhətdən dünyada öz sözünü deyə biləcək daha qüdrətli bir dövlətə çevriləcək.

İqtisadiyyat 2021-01-20 12:09:00