×
A
A
A
Sazlamalar

Naxçıvan Teleradiosunun 2020-ci ildəki fəaliyyəti müzakirə olunub

Naxçıvan, 19 yanvar, AZƏRTAC

2020-ci ildə Naxçıvan televiziyasının yeni, müasir saytı istifadəyə verilib, televiziya və radionun efir saatı 20 saata çatdırılıb. Televiziyanın öz istehsalı olan videomateriallar ümumi efirin 70.6 faizini təşkil edib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirlər Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində 2020-ci ilin yekunları və 2021-ci ildə qarşıda duran vəzifələrlə bağlı keçirilən iclasda səsləndirilib.
Ötən il Naxçıvan Teleradiosunun maddi-texniki bazasının gücləndirildiyini diqqətə çatdıran Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli bildirib ki, il ərzində 1800-dən çox yeni telematerial, 1973 radiomaterial efirə təqdim olunub. “Nuhçıxan” İnformasiya Agentliyinin saytında 15 min 300-dən çox məlumat paylaşılıb. Agentliyin saytına dünyanın 160-a qədər ölkəsindən müraciət olunub.
Mövzu ilə bağlı Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının sədri Rauf Əliyevin, komitənin Proqram direksiyasının direktoru İlkin Rzayevin çıxışları dinlənilib. Komitənin sədr müavini Xaliq Babayev televiziyada texniki sahədə görülən işlərdən danışıb, yayım keyfiyyətinin yüksəldildiyini diqqətə çatdırıb.
Ötən il işdə buraxılan nöqsanların geniş təhlil olunduğu iclasda hazırlanan materialların keyfiyyətinin artırılmasının, işə yaradıcı münasibətin gücləndirilməsinin, efirdə aparıcıların ədəbi dil qaydalarına uymalarının vacibliyi vurğulanıb.
Müzakirələrdən sonra Naxçıvan Dövlət Televiziya və Radiosunun 2021-ci il üçün illik iş planı və yayımın şəbəkə cədvəli təsdiq olunub.

Regionlar 2021-01-19 20:19:00